Azərbaycan prezidenti Bakıda bəzi obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda bəzi obyektlərin açılışında iştirak edib
# 14 sentyabr 2012 13:44 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.

Prezident stadionda yaradılmış şəraiti yüksək qiymətləndirib.

Azərbaycan prezidenti və xanımı Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Prezident parkda görülmüş işlərdən razılığını bildirib.

Bu gün Nizami rayonu ərazisində Babək prospekti ilə N. Abdullayev küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi də istifadəyə verilib. Azərbaycan prezidenti yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident görülmüş işləri yüksək qiymətləndirib.

Azərbaycan prezidenti və xanımı Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binasının açılış mərasiminə də qatılıblar. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 640 şagird yerlik yeni məktəbdə 32 sinif otağı, üç laboratoriya, üç kompyuter otağı, emalatxana, rəsm otağı, idman və akt zalları, yeni innovasiya metodları ilə işləyən kabinetlər, tibb məntəqəsi yaradılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı məktəbdə dərslər interaktiv üsulla keçiriləcək.

Prezident İ. Əliyev məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirib, tədris prosesinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Bu gün Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının isə təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaq. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaq.

Prezident İ. Əliyev uşaq bağçası binasının təməlini qoyub, tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıq verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR