Energetika naziri Avropa Birliyinin Azərbaycandakı yeni nümayəndəsini qəbul edib

Energetika naziri Avropa Birliyinin Azərbaycandakı yeni nümayəndəsini qəbul edib
# 30 yanvar 2014 14:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Malena Mardla görüşüb.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, AB ilə əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu vurğulayan N.Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanla AB arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəmini qeyd edən N.Əliyev M.Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini bildirib.

M.Mard AB ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edib. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının əhəmiyyətini vurğulayan M.Mard ölkəmizlə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib.

Görüşdə ikitərəfli münasibətlərin enerji təhlükəsizliyi, iqtisadi və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olunub, qarşılıqlı əlaqələrin Azərbaycanla AB arasında əməkdaşlığa öz töhfəsini verdiyi bildirilib. Həmçinin yüksək səviyyədə görüşlərin bu əlaqələrin möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb.

Azərbaycanla AB arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildiyi görüşdə ikitərəfli əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR