Dəyişən qlobal geosiyasi vəziyyətlə əlaqədar nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı şəraitdə Şərq və Qərb arasında dayanıqlı nəqliyyat əlaqələrinin formalaşması Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri üçün əsas amilə çevrilir. Orta Dəhlizin Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Çindən Avropaya və geriyə yüklərin daşınmasında aparıcı marşrut kimi özünü təsdiqləyib. Lakin artan ticarət həcmləri və daha səmərəli logistika həllərinə ehtiyac infrastrukturun daha da genişləndirilməsini, marşrutların şaxələndirilməsini tələb edir.
Bu istiqamətdə ən vacib addımlardan biri də strateji əhəmiyyətli nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələri – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən Avrasiya Nəqliyyat Marşrutu (ANM) üzrə Beynəlxalq Assosiasiyanın yaradılmasıdır. Nəqliyyat axınlarının səmərəliliyini artırmaq və yük daşımaları üçün yeni imkanlar yaratmaq məqsədilə həyata keçirilən bu təşəbbüs iştirakçılar arasında səylərin əlaqələndirilməsini təmin etməyə yönəlib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müşaviri Arif Ağayev yeni yaradılacaq Assosiasiyanın məqsədləri, region üçün əhəmiyyəti və Şərq-Qərb nəqliyyat dəhlizində gözlənilən dəyişikliklər barədə “APA-Economics”ə müsahibə verib.
- Arif müəllim, “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsünə zəmin yaradan səbəblər nə oldu?
- Şərq-Qərb nəqliyyat dəhlizinə, xüsusilə də Orta Dəhlizə baxdıqda Avrasiya Nəqliyyat Marşrutunu Orta Dəhlizin cənub qolu adlandırmaq olar. Orta Dəhliz üzrə yük daşımalarının həcmi hər il artmaqdadır. Belə ki, ötən il Orta Dəhliz vasitəsilə 2,7 milyon tondan çox yük daşınıb və 2022-ci illə müqayisədə 86% çox olub. Bu ilin yanvar-avqust aylarında isə adıçəkilən dəhlizlə yükdaşıma həcmi 28% artaraq 2,2 milyon tonu ötüb və ilin sonuna qədər 4,2 milyon tona çatacağı gözlənilir. Bu dəhlizlə yüklər Çindən Azərbaycana 8-10 günə, Qara dəniz limanlarına isə təqribən 12 günə çatdırılır.
Yeni marşrut üzrə, xüsusilə Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan yüklərin Orta Dəhlizə cəlb olunması ilə Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində daşımaların daha da artacağı gözlənilir. Digər vacib məsələ isə Qırğızıstan vasitəsilə Çinin Orta Dəhlizlə daha bir nəqliyyat əlaqəsinin yaradılması zərurətidir. Hazırda Özbəkistanın Əndican şəhərindən Qırğızıstan vasitəsilə Çinin Qaşqar əyalətinə qədər uzanan avtomobil yolu mövcuddur ki, Çin öz yüklərinin bu yoldan istifadə etməklə Qırğızıstan, Özbəkistan və Türkmənistan vasitəsilə 2-3 ildən sonra daşınmasının təşkili üçün indidən işlər aparır və artıq Çinlə Qırğızıstan arasında bu hissədə dəmir yolunun tikintisi yaxın vaxtlarda başlanılacaq. Bu hissənin tikintisi ANM-in əhəmiyyətini daha da artıracaq.
Həmçinin ANM vasitəsilə Çindən Tacikistana daşımalar üçün potensial var. Bu gün Tacikistanın paytaxtı Düşənbədən Çinə qədər yüksək keyfiyyətli avtomobil yolu istifadə olunur. Multimodal daşıma həyata keçirərək bu yüklərin dəmir yolu ilə Avropaya çatdırılması planlaşdırılır. Eyni zamanda ANM layihəsi şərq istiqamətindən yüklərin dəmir yolu ilə Tacikistana çatdırılmasına da imkan verəcək. Burada Pakistan, Əfqanıstan və Özbəkistandan keçərək Qazaxıstanın şimal-şərq sərhədinə qədər uzanan, həmçinin Fars körfəzinin limanlarına yönələn Trans-Əfqan dəhlizini də qeyd etmək olar. Əfqanıstan və Pakistan Orta Dəhlizə qoşulmağa maraq göstərirlər ki, bu da həmin ölkələrə Qara dəniz limanlarına və Avropa bazarlarına çıxış əldə etməyə imkan verəcək. Əfqanıstan artıq Mərkəzi Asiya vasitəsilə yük göndərərək və qəbul edərək fəal şəkildə dünya iqtisadiyyatına qoşulur. Əfqanıstan rəhbərliyinin prioritet vəzifələrindən biri yerli malların Fars körfəzi ilə yanaşı, Qara dəniz limanlarına da çıxışını təmin etməkdir. Bu məsələ ANM vasitəsilə həll edilə bilər və artıq bu istiqamətdə addımlar atılır.
Qeyd etmək vacibdir ki, Orta Dəhliz təkcə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə etmir. Qeyd etdiyim kimi, dəhlizin cənub qolu var və Əfqanıstan, Pakistan kimi ölkələr onun inkişafına öz töhfələrini verməyə hazırdırlar. Bu istiqamətdə səmərəli daşımaların təmin edilməsi üçün sistemli əməkdaşlıq lazımdır və bunun da yeni yaradılacaq Assosiasiya vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Yeni təşkilat tarif siyasəti, əməliyyat səmərəliliyinin artırılması, marketinq və kommunikasiya aspektləri, həmçinin iştirakçı ölkələr arasında sənəd dövriyyəsinin sadələşdirilməsi məsələləri ilə məşğul olacaq. Bu, nəticə etibarilə dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin Qara dəniz limanlarına çıxışını təmin edəcək.
- Assosiasiyanın əsas missiyası nə olacaq?
- Əsas missiya nəqliyyat dəhlizinin strukturlaşdırılmış inkişafıdır. Bu, sadəcə ölkələr arasında tariflərin mübadiləsi deyil. Ən mühüm vəzifə Assosiasiya çərçivəsində Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində sıx əməkdaşlığın qurulmasıdır. Bunun üçün gələcəkdə Assosiasiyanın peşəkarlardan ibarət daimi Katibliyi fəaliyyət göstərəcək. Həmçinin Assosiasiyanın rəqəmsallaşma, tariflər, marketinq və kommunikasiya, monitorinq və dispetçerləşmə, normativ-hüquqi aktlar, infrastruktur istiqamətləri üzrə işçi qruplarının fəaliyyəti vasitəsilə dəhlizin idarə edilməsi və koordinasiyasında sistemli yanaşma tətbiq ediləcək.
“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının daha bir missiyası isə tranzit daşımalarının təşviqinə kömək edən ekosistem yaratmaq olacaq. Cari geosiyasi dəyişikliklər şəraitində Çindən Mərkəzi Asiya vasitəsilə yükdaşımalara maraq kəskin şəkildə artır. Həmçinin Özbəkistan kimi Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı məhsul ixracı üçün əlavə imkanlar yaradır və Avropa ölkələri tərəfindən Mərkəzi Asiya bazarlarına artan maraq müşahidə olunur. Yeni qurulacaq Assosiasiya çərçivəsində nəqliyyat konsepsiyasının və ekosistemin yaradılması yük sahiblərinə bu istiqamətlərdə daşımaları səmərəli şəkildə həyata keçirməyə imkan verəcək.
- ANM-in yarandıqdan sonra Şərq-Qərb nəqliyyat dəhlizində hansı yeniliklər gözlənilir?
- ANM nəinki regional, daha çox qlobal marşrutdur. Biz bunu təkcə Çin və Mərkəzi Asiya ölkələri deyil, həmçinin Avropadan tərəfdaşların cəlb olunmasında görürük. Avstriya dövlət dəmir yolu şirkəti ÖBB-nin yük bölməsi olan “Rail Cargo”nun ANM-in yaradılması prosesində iştirakı sayəsində biz həm Çindən Avropaya, həm də əks istiqamətdə daşımaların həcminin artırılmasına, Avropa və Asiya arasında yeni əlaqələr yaratmağa yönəlmişik. Bu kontekstdə Qərb-Şərq istiqamətində əhəmiyyətli ixrac potensialına malik Türkiyəni də qeyd etmək lazımdır.
Yeni yaradılacaq Assosiasiya Türkiyə məhsullarının Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya bazarlarına çatdırılmasına da töhfə verəcək. Əsas aspektin sistemli yanaşma olduğunu vurğulamaq istərdim və xaotik qərarlar yolverilməzdir. “Yük varsa, daşıyırıq, yoxdursa, daşımırıq” yanaşması qəbuledilməzdir. Dəhliz formalaşdıqdan sonra bütün proseslər əlaqələndiriləcək və marketinq-kommunikasiya tədbirləri dəhlizin qlobal təşviqinə yönəldiləcək. Bundan əlavə, ölkələr arasında keçid tarifləri sistemi müəyyən ediləcək, əməliyyat səmərəliliyinin artırılması üçün isə dəmir yolu və dəniz daşımaları arasında qarşılıqlı əlaqə təmin olunacaq. Geosiyasi dəyişiklikləri nəzərə alaraq ADY tərəfindən atılan addımlar da dəhliz konsepsiyasının düzgün təşkili və inkişafına mühüm töhfə olacaq.
- ADY-nin bu Assosiasiyadakı rolu nədən ibarət olacaq?
- ADY artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar zamanı lazımi işlər görülüb, Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb.
Azərbaycan artıq bu sahədə əhəmiyyətli təcrübə toplayıb. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində biz bu təcrübəni Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistandan yükdaşımaların təşkili üçün də bölüşəcəyik.
Azərbaycanın Şərq-Qərb dəhlizinin mərkəzində yerləşməsi bizə avropalı yük sahiblərinin və Türkiyədəki tərəfdaşlarımızın ehtiyaclarını səmərəli şəkildə nəzərə almağa imkan verir ki, bu da Mərkəzi Asiya, Çin və Avropa arasında Orta Dəhliz vasitəsilə davamlı nəqliyyat əlaqəsinin formalaşmasına kömək edir.
TBNM-də iştirakımızla artıq böyük təcrübə əldə etmişik. Biz bu təcrübəmizi yeni assosiasiyada Azərbaycan ərazisindən yüklərin daşınması üçün praktiki həllər hazırlamaq məqsədilə istifadə edirik.
Son iki ildə ADY TBNM-i gücləndirmək və bu marşrutu yeni səviyyədə inkişaf etdirmək üçün bir sıra addımlar atıb. Beləliklə, Azərbaycan yeni assosiasiyaya zəngin təcrübə ilə daxil olacaq və iştirakçı ölkələrin ərazisindən yükdaşımaların artırılması üçün konkret həllər təklif etməyə hazırdır.