“Bizim şirkət hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) fəaliyyət göstərir. Bundan qabaq “MALBI-trans” Brest-Malaşeviç dəhlizində çalışıb. Amma hazırda daha çox TBNM-yə diqqət yetiririk".
Bu barədə "APA-Economics"ə açıqlamasında Çexiyanın “MALBI-trans” beynəlxalq nəqliyyat və logistika şirkətinin baş icraçı direktoru Liliana Krutonoq bildirib.
"Əvvəlki müştərilərimiz Ukraynadan keçən marşrutlardan bir neçə səbəbə görə istifadə etmirlər. Üstəlik, bizim tərəfdaşlarımız hazırda alternativ marşrutlar istəyirlər", - deyə o, əlavə edib.
Xarici qonaq qeyd edib ki, Azərbaycanın TBNM marşrutu ilə bağlı böyük potensialı var:
"Nəzərə almaq lazımdır ki, indi bu marşrut Çin şirkətləri daxil olmaqla müxtəlif şirkətlər arasında böyük populyarlıq qazanmağa başlayıb. Hesab edirəm ki, bu marşrut üzrə yükdaşımaların həcmi artacaq. Bir sözlə, Azərbaycan bununla bağlı böyük potensialından istifadə etməlidir. Əlbəttə ki, bu istiqamətdə yeni investisiyalara, layihələrə və multimodal terminallara ehtiyac var”.