Bakı. Məlahət Nəcəfova-APA. Almaniyanın Maqdeburq şəhərində Demokratiya Yolları adlı tədbir-aksiya keçirilib. APA-nın məlumatına görə, tədbirə Almaniya, Polşa, Bolqarıstan, Rusiya, İsrail və s. ölkələrin Almaniyada fəaliyyət göstərən 130-dan çox cəmiyyəti qatılıb.
Azərbaycanı Almaniyada fəaliyyət göstərən Zaxhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. Mərkəzin sədri Yaşar Niftəliyevin verdiyi məlumata görə, mərkəzi küçələrdən birində keçirilən tədbir 10 mindən artıq yerli sakinlər və başqa ölkələrdən, şəhərlərdən gələn insanların marağına səbəb olub.
Azərbaycanla bağlı həqiqətlər - 20 Yanvar hadisəsi, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, ermənilər və sovet ordusu tərəfindən xalqımıza qarşı törədilən haqsızlıqlar, cinayətlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Altı saat davam edən tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyindən və cəmiyyətlərin təqdim etdiyi kitablar, simvolik hədiyyələr və bukletlər iştirakçılara paylanılıb.