Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 31 Mart soyqırımının növbəti ildönümü ilə əlaqədar bu ölkənin Bundestaqının spikeri Norbert Lammertə müraciət ünvanlayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox şəhərlərində törətdiyi qırğınlar, kütləvi və amansız qətllər, 700 mindən çox insanın öldürülməsi haqqında məlumat verilir, ermənilərin azərbaycanlılara qarşı bir əsrdir həyata keçirdiyi soyqırım və deportasiya siyasəti pislənilir.
Müraciətdə deyilir ki, 31 mart soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunur və Almaniya dövləti, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləməli, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini almalı və cinayətkarlar cəzasız qalmamalıdırlar.