Bakı-APA. “Bəşəriyyətə , insanlığa qarşı törədilən cinayətlər heç vaxt unudulmur və unudulmamalıdır. Azərbaycan xalqına qarşı baş vermiş cinayətlərdən biri olan Xocalı soyqırımına Avropa məkanında hələ də lazımi siyasi qiymət verilməyib. Hər bir xalq həyatında baş verən faciəvi səhifələri yad edir və dünya ictimaiyyətindən ona qarşı törədilən haqsızlığa qiymət verməyi tələb edir”.
Bu barədə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Samira Patzer-İsmayılovanın müraciətində bildirilib. APA-ya daxil olan müraciətdə qeyd olunub ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən müxtəlif şəhərlərdə yad edilir: “Qan yaddaşımız olan bu günə həsr edilmiş anım tədbirləri keçirilir. Avropa Azərbaycanlıları Konqresi Xocalı Soyqırımının Avropada tanınmasına və ona siyasi qiymət verilməsinə dair Avropa Birliyinin siyasi-ictimai qurumlarına Petitsiya məktubları ilə müraciət etməyi planlaşdırır. Bununla əlaqədar konqres “Xocalı soyqırımının tanınmasına dair imza aksiyasını” təklif edir və Avropada fəaliyyət göstərən diaspor təşkilatlarına üz tutaraq cəmiyyətlər adından və yaxud şəxsən bu aksiyaya qoşulmağa çağırır. 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü bütün dünyada qeyd edilir. Gəlin Xocalıda qətlə yetirilən, şəhid tək həlak olan, eləcə də doğma yurdundan didərgin salınan həmvətənlərimizin də insan haqlarına malik olduqlarını, onların hüquqlarının beynəlxalq aləmdə qorunmadığını bir daha lazımi təşkilatlara müraciətimizlə çatdıraq və Xocalılar adından onların haqlarını tələb edək. Xahiş edirik, “Xocalı soyqırımının tanınmasına dair imza aksiyasına” qoşulmaq üçün cəmiyyətin və ya şəxsinizin göstəricilərini əlavədə təqdim edilən siyahıya daxil edin. Həmin siyahılara yaşadığınız ölkələrin, şəhər və bölgələrin görkəmli ictimai xadimlərinin imzalarını da toplamağınız yararlı olardı. Bundan əlavə müvafiq mövzularda keçirdiyiniz tədbirlərdə bu siyahının iştirakçıların nəzərinə çatdırılması da məqsədəuyğun olardı”.