Bakı. Məlahət Nəcəfova - APA. Fransanın paytaxtı Parisdə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar məşhur Monmart təpəsi yaxınlığındakı meydanda aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya 23 fevral tarixində Azərbaycan Evi tərəfindən təşkil olunub. Meydana toplaşan yüzlərlə azərbaycanlı Xocalının dinc sakinlərinə qarşı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri pisləyən şüarlar səsləndiriblər. Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciət oxuyub. Tədbir zamanı parislilərə və qonaqlara Xocalı soyqırımından bəhs edən broşürlar və vərəqələr paylanıb, balaca soydaşlarımız tərəfindən müdhiş gecədə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən uşaqların adları yazılan şarlar havaya buraxılıb.
İsveç parlament binasının qarşısında – Mynttorget meydanında da etiraz aksiyası keçirilib. Stokholmda yaşayan azərbaycanlıların təşkilatçılığı baş tutan aksiyaya İraq Türkmən Federasiyası, Türk İşçi Dərnəkləri Federasiyası, İsveç-Uyğur Maarifləndirmə Cəmiyyəti və digər icmaların nümayəndələri də qatılıb.
Danimarkada yaşayan azərbaycanlılar isə Kopenhagenin mərkəzi meydanı "Radhusplads"da etiraz mitinqi keçirib.
Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım tədbirində 35 avtomobildən ibarət karvan iki marşrut üzrə Maqdeburq şəhərinin mərkəzi küçələrində yürüş edib.