Bakı. Mübariz Aslanov - APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda diaspor nümayəndələrinin müşavirəsi keçirilib.
Komitədən APA-ya verilən məlumata görə, görüşdə Avropada Azərbaycan diasporunun fəaliyyəti, qarşılaşdığı problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək tədbirlərlə bağlı geniş müzakirələr aparılıb.
Görüşdə Komitə sədri Nazim İbrahimov Azərbaycan prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini hücum taktikası əsasında qurduğunu bildirib. O, ötən müddətdə Azərbaycan diasporunun bir çox istiqamətlərdə mühüm uğurlara imza atdığını qeyd edib: “Aprel-may aylarında Komitəsinin təşkilatçılığı ilə Bakıda dörd böyük tədbir keçirilməsi nəzərdə tutulub. Dünya Azərbaycanlı Gənclər Birliyinin II qurultayı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu, Xarici dövlətlərdə yaşayan azərbaycanlı iş adamlarının toplantısı və Madrid klubunun Bakı toplantısı. Bu, bizim üçün yeni mərhələnin başlangıcıdır”.
Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Kaya çıxışında Avropada yaşayan azərbaycanlıların diaspor quruculuğu prosesində iştirakı haqqında danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Dağlıq Qarabağ haqqında müxtəlif dillərdə filmlərin çəkilməsinin zəruri olduğunu bildirib. B.Kaya Azərbaycanın Frankfurt şəhərində konsulluğunun açılmasını, azərbaycanlı tələbələrin çox olduğu ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin nəzdində təhsil müşavirliyinin yaradılmasını təklif edib.
Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında məlumat verib. O, Azərbaycan diaspor təşkilatlarının internet resurslarının artırılmasını, online qəzetlərin açılmasını təklif edib. Daha bir neçə diaspora mərkəzi rəhbərləri də çıxışlar edərək təkliflər səsləndiriblər. Sonra tədbir iştirakçıları müxtəlif sahələrdə qarşılaşdıqları problemlər haqqında məlumat veriblər.
Görüşdə Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, parlament və hökumət üzvləri ilə əlaqələr, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, kütləvi informasiya vasitələri ilə iş və digər istiqamətlərdə mövcud olan problemlərdən danışılıb, müxtəlif təkliflər səsləndirilib. Görüşdə həmçinin Fransa Milli Assambleyasının binasında Azərbaycan diasporu fəallarının erməni diasporunun üzvləri tərəfindən hücuma məruz qalması faktı da ətraflı müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Fransa Milli Assambleyasına müraciət və Avropa Azərbaycanlıları Konqresinin bəyanatı qəbul olunub.