Bakı - APA. Pakistanın Preston Universitetində Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti nəzdində fəaliyyət göstərəcək Gənclər Klubunun təqdimat mərasimi keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə senator professor Səidə İqbal, Milli Assambleyanın deputatları Asiya Naz Tanoli, Fərhanə Qəmər və Malik Şakir Avan, Preston Universitetinin rektoru professor Abdul Basit, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Asif Nur, universitetlərin professor-müəllim heyyəti, media nümayəndələri, Pakistanda akkreditə olunmuş diplomatlar və Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Preston Universitetinin rektoru professor Abdul Basit ölkələrimiz arasında olan qardaşlıq münasibətlərdən danışıb, bu əlaqələrin həyatın bütün sahələrini əhatə etdiyini vurğulayıb. Bildirib ki, iki qardaş ölkə gənclərini birləşdirən cəmiyyətin fəaliyyəti xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcək. Üçüncü Bakı Humanitar Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşən rektor bu tədbirin əhəmiyyəti, forum çərçivəsində keçilən görüşlər haqqında danışıb.
Azərbaycan-Pakistan Gənclər Cəmiyyətinin prezidenti Asif Nur öz nitqində cari ilin iyun ayında təsis olunmuş cəmiyyətin fəaliyyətini işıqlandırıb. O, Gənclər Klubunun Preston Universiteti ilə yanaşı, Qujrat, Preston, Kayde Azam, Fatma Jinnah və Kəşmir universitetlərində, həmçinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət, Xəzər, Qafqaz və Slavyan universitetlərində də fəaliyyət göstərəcəyini vurğulayıb. Natiq III Bakı Humanitar Forumunda iştirakını qeyd edərək, ölkəmizin paytaxtında olduğu zaman Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarında, universitetlərdə apardığı görüşlər barəsində məlumatlar verib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Azərbaycan-Pakistan Gənclər Cəmiyyətinin fəaliyyəti və gənclər klubunun yaradılma təşəbbüsünü təqdirəlayiq hesab edərək bildirib ki, bu kimi layihələr xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək. O, Azərbaycan dövlətinin gənclərə ayırdığı qayğıdan, keyfiyyətli təhsil almaq məqsədilə onlar üçün yaradılmış imkanlardan, sosial problemlərinin həlli yolunda atılan addımlardan danışıb. Səfir Azərbaycan gənclərinin Pakistan haqqında kifayət qədər məlumatlı olduqlarını, Bakı Dövlət Universitetində urdu dili ilə yanaşı, Pakistanın tarixi və ədəbiyyatının tədris olunduğunu bildirib.