Bank Of Baku

Azərbaycan Amerika Alyansı ABŞ-da təntənəli şam yeməyi təşkil edib - FOTOSESSİYA

Azərbaycan Amerika Alyansı ABŞ-da təntənəli şam yeməyi təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 16 noyabr 2012 13:19 (UTC +04:00)

 

Bakı – APA-Economics. Azərbaycan Amerika Alyansı (AAA) Vaşinqtonda Ağ Ev administrasiyası, ABŞ Konqresi, diplomatik korpus, elm və mədəniyyət sahələrindən təxminən 700 qonağın iştirak etdiyi təntənəli şam yeməyi təşkil edib.

 

AAA-dan «APA-Economics»ə verilən məlumata görə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Avropa və Asiya üzrə alt-komitəsinin sədri öz çıxışında inkişaf edən əlaqələrdən bəhs edib. Tədbir ABŞ-la Azərbaycan arasında inkişaf edən qarşılıqlı əlaqələri işıqlandırmaqla ABŞ-ın Cənubi Qafqaz regionunda əsas müttəfiqi olan ölkənin qədim tarixə malik zəngin mədəniyyətini təcəssüm edib.

 

«Bakılı qonaqlar ilə Vaşinqtonda bir axşam» adlandırılan qala-tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və  Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə təşkil olunub. Tədbirdə Azərbaycanın musiqisi və rəqsləri səslənib, eləcə də milli mətbəxin ənənəvi yeməklərinin təklif olunduğu şam yeməyi verilib.

 

Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin Avropa və Asiya üzrə alt-komitəsinin sədri, respublikaçı Dan Barton (Dan Burton) giriş nitqi ilə çıxış edib. Onunla birlikdə tədbirdə Konqresin aparıcı simalarından olan senator Seksbi Çemblis (Saxby Chambliss), senator Riçard Bur (Richard Burr) və Nümayəndələr palatasının spikeri Con Bohner (John Boehner) iştirak ediblər. Digər qonaqlar arasında Vaşinqtonda yerləşən 40 səfirlikdən səfirlər və digər yüksək vəzifəli diplomatik nümayəndələr iştirak ediblər.

 

Öz çıxışında sədr D.Barton Azərbaycanı və onun xalqını tərifləyərək qeyd edib ki, ölkə onda güclü təəssürat yaradıb və o, öz həmkarlarına və tədbirdə iştirak edən qonaqlara Bakıya səfər etməyi və Azərbaycan ilə yaxından tanış olmağı tövsiyə edib. Sədr həmçinin qeyd edib ki, Azərbaycan ilə əlaqələrin genişləndirilməsi çox mühümdür və yeni bağlantıların yaradılmasında Alyansın fəaliyyətini xüsusilə qeyd edib.

 

«Bu tədbir musiqi, mətbəx və mədəni mübadilənin Yer kürəsinin iki nöqtəsində yerləşən xalqlar arasında necə dostluq, qarşılıqlı hörmət və anlaşma körpülərinin qurulmasının fantastik nümunəsidir. Bu axşam Azərbaycanın bir çox istedadlı ifaçılarının ifasındakı gözəlliyi, qüvvə və enerjini gördükləri zaman qonaqlarımızın simalarındakı heyranlığı görmək inanılmaz idi. Fəaliyyətimizi davam etdirdikcə mən qarşılıqlı anlaşma və tərəfdaşlıq üçün belə mübadilələrin inkişaf etdirilməsinə ümid edirəm», - deyə Alyansın yaradıcısı Anar Məmmədov qeyd edib.

 

Tədbirdə həmçinin 2011-ci ilin «Eurovision» mahnı müsabiqəsinin qalibləri Ell & Nikki, «Natiq» Ritm Qrupu, müğənni Mənsum İbrahimov kimi sənət xadimləri iştirak edib və Azərbaycanın ənənəvi milli musiqisi səslənib.

 

Qeyd edək ki, AAA maarifləndirmə missiyası daşıyan qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır və təşkilatın məramı Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinin dərinləşdirilməsidir. Akademik müzakirələr, mədəni proqramlar və siyasi diskussiyalar vasitəsi ilə Alyans Azərbaycanla ABŞ arasında uzunmüddətli tərəfdaşlığın gücləndirilməsinə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR