Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Litva Respublikasında silsilə tədbirlər həyata keçirilir. Azərbaycanın Litvadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) APA-ya verilən xəbərə görə, AYOL-un üzvləri olan azərbaycanlı tələbələr Litvada ölkəmizlə bağlı yeni bir layihəni başa vurublar. Belə ki, tədbir rəhbəri AYOL-un sədri Samir Musayev fərdi olaraq Gənclər Fondundan “Azərbaycan Film Gecələri” adlı layihəsi ilə qrant udaraq fəal azərbaycanlı gənclərlə birgə Vilnius, Kaunas, Mariampole, Jonava kimi əsas şəhərlərdə silsilə tədbirlər keçirilməklə layihəyə yekun vurublar.
Tələbələr tədbirdə Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat və nümayiş etdiriləcək filmlər haqqında qısa məlumat veriblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev”, “Düyün”, Müqəddəs heyvan" (rejissor: Yavər Rzayev), "40-cı qapı" (Elçin Musaoğlu), "Buta" (İlqar Nəcəf) filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə tədbirlərdə qonaq qismində iştirak edən yerli və xarici tələbələr, o cümlədən, müəllim heyəti Azərbaycan milli şirniyyatlarını dadıblar.
Qeyd edək ki, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) Litvada yaşayan və təhsil alan gəncləri bir araya gətirmək və gənclərlə iş sahəsində ölkəmizi layiqli təmsil etmək məqsədilə 2012-ci il 26 iyun tarixində Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinin dəstəyi ilə yaradılıb.