Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə işini daim nəzarətdə saxlayır, əlindən gələni köməkliyi göstərir”. Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Asim Osmanov APA-ya bildirib ki, İ. Mahmudovun qətli mövzusunda mətbuatda yayılan xəbərlərdən məlumatlıdırlar. O deyib ki, İ. Mahmudovun yaxınları səfirliyə müraciət ediblər və bu işdə köməklik, dəstək xahiş ediblər: “Biz onlara bildirmişik ki, məhkəmə ilə bağlı sənədləri, məlumatları göndərsinlər ki, biz bu işə dəstək verə bilək, əlimizdə faktlar olsun. İnşallah, 21 marta təyin olunan növbəti məhkəmə iclası zamanı biz səfirlik olaraq orada iştirak edəcəyik, öz nümayəndəmizi göndərəcəyik və məhkəmənin yekunlaşması, təqsirləndirilən şəxslərin layiqli cəzasını alması üçün öz dəstəyimizi əsirgəməyəcəyik. İqbal Mahmudov diasporanın fəallarından, bizim vətəndaşımız olub və məhkəmənin obyektiv qərar çıxarması üçün səfirlik əlindən gələni edəcək”.
Qeyd edək ki, ötən ilin mayın 9-da qətlə yetirilən İqbal Mahmudovla bağlı sonuncu məhkəmə iclasından sonra onun yaxınları bildiriblər ki, 8 məhkəmə iclası keçirilməsinə baxmayaraq, Azərbaycan səfirliyi prosesə diqqət göstərmir.