Bakı - APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu Stokholmda Bakıda sentyabrın 5-6-da keçirilmiş High Level Meeting nəticələrini müzakirə etmək üçün xüsusi toplantı keçirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvləri - Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasania, Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers və Madrid Klubunun üzvləri - Hollandiyanın sabiq baş naziri Ruud Lubbers, Koreyanın sabiq baş naziri Han Seung-soo və həm Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həm də Madrid Klubunun katibliyi iştirak edib.
Stokholm toplantısı II Açıq Cəmiyyət Forumu 2014-ə hazırlıq üçün xaricdə keçirilən silsiləvi tədbirlərin başlanğıcıdır.
Açıq Cəmiyyət Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsü və layihəsidir.
Birinci Forum 5-8 May 2013-cü il Bakıda keçirilib, toplantının işində 45-ə yaxın sabiq ölkə və hökumət başçıları iştirak edib.