Bakı-APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis etdiyi Beynəlxalq Mükafatın sonuncu sahibi olan Böyük Britaniya Krallığının sabiq baş naziri Marqaret Tetçerin vəfatı ilə bağlı idarə heyətinin üzvləri tərəfindən başsağlığı göndərilib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, başsağlığında Marqaret Tetçerin həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər gördüyü vurğulanıb: “İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında və bəşər tarixində əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə və bütün Böyük Britaniya Krallığının xalqına dərin hüznlə başsağlığı veririk”.
Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının may ayında Azərbaycanda keçiriləcək ali toplantısı zamanı Marqaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbirin keçirilməsi də qərara alınıb.