APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan hər zaman diasporun işinə xüsusi diqqət yetirib.
Onun sözlərinə görə, müstəqillik qazanıldıqdan sonra bu diqqət xüsusilə artırılıb: “Bu dövr ərzində Azərbaycanda dünyada yaşayan azərbaycanlıların birgə yaşaması və onların Azərbaycanın işində yaxından iştirak etməsi üçün layihələr həyata keçirilib və keçirilir. Bu gün keçirilən tədbirin də əsas məqsədi türkdilli ölkələrin diaspor qurumları arasında əməkdaşlığı gücləndirmək, problemləri və bu problemlərin həlli yollarını müzakirə etməkdir”.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı bu cür tədbirin keçirilməsinin çox təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, türkdilli dövlətlərin diasporları arasında davamlı görüş yerləri müəyyənləşdiriləcək, bu görüşlərdə türk dünyasının diasporunun qarşılaşdığı problemlər müzakirə edilərək dövlət rəsmilərinə təqdim olunacaq. Bu gün həmçinin türkdilli ölkələrin diaspor rəhbərlərinin birgə fəaliyyət strategiyası müəyyənləşdiriləcək.
Tədbirdə həmçinin Ümumdünya Qazaxlar Assosiasiyası İdarə Heyətinin sədr müavini Talqat Mamaşev, Qırğızıstan Xarici İşlər Nazirliyinin məşğulluq və miqrasiya məsələləri departamentinin direktorun Keştakbek Aytımatov, Türkiyə hökuməti yanında Xaricdə yaşayan türklər və əqrəba icmaları departamentinin rəhbəri Kemal Yurtnaç çıxış edərək öz ölkələrinin diaspor məsələləri barədə məlumat veriblər.
TürkPA-nın baş katibi Ramil Həsənov türkdilli ölkələrin diasporlarının birgə iş qurmasının başlanğıcı işində uğurlar arzulayıb.