Bakı. Könül Cəfərli - APA. İranda yaşayan azərbaycanlılar dövlətin Ermənistanla əməkdaşlığına etiraz məktubu yazıblar.
APA-nın məlumatına görə, məktubu müxtəlif şəhərlərdə yaşayan 109 azərbaycanlı fəal imzalayıb.
Müraciətdə İranın Ermənistanla əməkdaşlığa son qoyması tələb olunur: “20 ildən çoxdur ki, İranın qonşusu olan müsəlman və qardaş ölkə Azərbaycan Respublikasının torpaqları işğalçı Ermənistan dövləti tərəfindən zəbt olunub. Bu işğal nəticəsində Qarabağ əhalisinin məscidləri, ev-eşikləri erməni işğalçıların tapdağı altında təhqirə məruz qalıb. Güney Azərbaycan xalqı hər zaman İran dövlətindən Ermənistanla əlaqələrini tam kəsməsini və Qarabağ əhalisini dəstəkləməsini istəyib. Təəssüf ki, islam təəssübkeşliyini iddia edən İran dövləti bu istəklərimizə baxmayaraq, Qarabağın işğalına son qoyulması üçün hər hansı addım atmayıb, əksinə, Ermənistanla əlaqələrini bütün sahələr üzrə gündən-günə inkişaf etdirməyə çalışır. Biz Azərbaycanın məzlum xalqının haqlarını müdafiə edən, buna görə də qanunsuz və şəriətə zidd olaraq həbs edilən bütün azərbaycanlı fəalların, xüsusən də höccətülislam Əbdüləziz Əzimi Qədimin azadlığa buraxılmasını, İranınla işğalçı Ermənistanın bütün iqtisadi, siyasi, təhlükəsizlik və mədəni əlaqələrinin tam kəsilməsini, Şərqi Azərbaycan vilayətinin valisinin Azərbaycan xalqından üzr istəməsini qəti şəkildə tələb edirik”.
Məktubu imzalayanlar sırasında Həsən Dəmirçi, Abbas Leysanlı kimi tanınmış azərbaycanlı fəallar da var.