Bolnisi. Nizami Məmmədzadə - APA. Yanvarın 29-da Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini, 44 yaşlı Hacı İsmayılovun evindən avtomat silah tapılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, H. İsmayılov saxlanılıb. Bundan sonra kənd sakinləri kənd icra nümayəndəliyinin qarşısına toplaşaraq əsl həqiqətin necə olduğunu öyrənmək istəyirlər. Onlar yerli polis rəhbərliyinin dəyişdirilməsini tələb ediblər və saxlanılan şəxsin günahı olmadığını bildiriblər.
Arıxlı kənd icra nümayəndəsi Nizami Əliyev saxlanılan şəxsin nümunəvi vətəndaş olduğunu bildirib: “Mən Hacı İsmayılovdan elə şey gözləmirəm. Onun saxlanılmasından xəbərim yox idi. Xəbəri səhər eşitdim və ətraflı məlumatı rayon icra hakimiyyəti başçısının yanında olanda öyrəndim. İstintaq həqiqəti üzə çıxaracaq”.
Sakinlərin etirazından sonra Bolnisi İcra Hakimiyyəti başçısının birinci müavini David Çartolani Arıxlıya gəlib və əhaliyə hadisə ilə bağlı ətraflı məlumat verib: “Tapılan silah köhnədir, paslanıb və istifadə üçün yararsızdır. Hər şeyi istintaq və məhkəmə həll edəcək. O, həbsxanada yatmayacaq. Biz xahiş edəcəyik ki, onu həbs etməsinlər, zaminə buraxsınlar. Lakin biz müstəntiqin işinə qarışa bilmərik”.
Qeyd edək ki, H. İsmayılova vəkil də təyin edilib.