Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Xocalı aeroportu ilə əlaqədar Anar Orucovun təqdim etdiyi petisiyada deyilir: “Xocalı aeroportunun açılmasının sülh danışıqlarına mənfi təsiri edəcəyini nəzərə alaraq, biz Böyük Britaniyanın baş nazirini Ermənistan hökumətinə təqdimat göndərərək onu işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunun qanunsuz açılmasından çəkindirməyə çağırırıq. Xocalı aeroportu Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra bağlanıb. Aeroport 2010-2011-ci illərdə yenidən tikilib, onun mümkün açılışı artıq ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT və AŞPA tərəfindən pislənilib. Xocalı aeroportundan uçuşların həyata keçirilməsi Ermənistanın hərbi işğalının Azərbaycanın hava məkanınadək genişlənməsi deməkdir, bunun dəhşətli nəticələri ola bilər”.
Avropa Azərbaycan Cəmiyyəti Britaniyada yaşayan bütün azərbaycanlıları bu petisiyanı (http://epetitions.direct.gov.uk/petitions/45179) imzalamağa və Britaniya hökumətinin diqqətini bu məsələyə çəkməyə çağırır.