Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 19-da Almaniyanın Frankfurt şəhərində keçirilən yığıncağında qurumun sonuncu qurultayından sonrakı dövr ərzindəki fəaliyyəti müzakirə edilib və 2013-cü ilin iş planı qəbul olunub.
DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya ötən müddət ərzində görülən işlər və təşkilatın fəaliyyəti, o cümlədən Avropada görülən işlər, Azərbaycan diasporunun durumu və fəaliyyəti barədə məlumat verib. DAK İdarə Heyətinin üzvləri Əjdər Tağızadə Güney Azərbaycandakı son durum, Rəhmət Rafət isə Urmiya gölündəki ekoloji fəlakət və onun mənfi təsirləri barədə danışıblar. DAK İdarə Heyətinin digər üzvləri - İraq parlamentinin deputatı Əkrəm Fevzi Tərzioğlu İraq və Suriyadakı türkmanlarının durumu, İsmayıl Ağayev Ermənistandan öz tarixi torpaqlarından azərbaycanlıların deportasiyası, Vaqif Arzumanlı bu il 200 illiyi tamam olacaq Gülüstan müqaviləsi, Zəlimxan Məmmədli Borçalı türklərinin vəziyyəti, Abuzər Bağırov regionda baş verən proseslər, Tahir Hacıyev və Rəhman Abbasov Rusiyadakı azərbaycanlıların vəziyyəti və DAK-ın bu ölkədəki fəaliyyətindən danışıblar.
Toplantıda Gülüstan müqaviləsinin 200 illiyi ilə bağlı tədbirin keçirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda yığıncaqda Güney Azərbaycandakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə, BMT baş katibi Pan Gi Muna, ABŞ prezidenti Barak Obamaya, Gürcüstanın baş naziri Bidzina İvanişviliyə müraciət, Urmiya gölü, Ermənistandan azərbaycanlıların deportasiyası ilə bağlı bəyanat qəbul edilib.
Sonda təşkilati məsələlərə baxılıb, İsmayıl Ağayev DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, Niyaz Qubadov isə DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbərinin birinci müavini seçilib.