Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin "Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz" konfransını pisləyən bəyanatına cavab verib.
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun bununla bağlı bəyanatında bildirilib ki, separatizmi dəstəkləyən İranın insan haqlarına qarşı bəyanat verməsi təbiidir: “Bu onu göstərir ki, İranın müstəqil Azərbaycanda agentura şəbəkəsinə çevrilmiş səfirliyi yenidən şər-böhtan aparatını işə salıb. DAK hesab edir ki, Güney Azərbaycanda milyonlarla soydaşımızın milli və insan haqqını ayaq altına atan, islam pərdəsi altında hər cür əməllərlə məşğul olan, Quzey Azərbaycanın istiqlalına düşmən kəsilən və bu yolda erməni faşizmi ilə də işbirliyi quran fars-molla rejiminin bu mövqeyi siyasi əxlaqsızlıqdır”.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da bununla əlaqədar açıqlama yayıb. VHP mətbuat xidmətinin açıqlamasında bildirilib ki, Dünya Azərbaycanlıları Konqresi dünyada yaşayan azərbaycanlılarının iradəsi ilə yaranan və Avropada rəsmi qeydiyyatdan keçmiş bir qurumdur. Bu qurumun və onun təmsilçilərinin separatçı adlandırılması İran səfirliyinin diplomata yaraşmayan, amma mahiyyətini üzə çıxaran münasibətidir: “İranın Azərbaycandakı səfirliyinin nəzərinə bu həqiqətləri bir daha çatdırmaqla bildiririk ki, Azərbaycanın tarixi torpaqlarının Quzey və Güney olaraq iki yerə bölünməsi reallığı artıq dünya dövlətlərinin parlamentində, BMT-də də müzakirə mövzusudur. Bu acı tarixi İranın Bakıdakı səfirliyinin görməməzliyə vurması həqiqətləri aradan qaldırmır”.
Qeyd edək ki, İran səfirliyi bəyanatda DAK, eyni zamanda onun həmsədri Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadəni separatçı və təxribatçı adlandırıb.