Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan nümayəndəliyi yaradılıb

Dünya Azərbaycanlıları Konqresinin Qərbi Azərbaycan nümayəndəliyi yaradılıb
# 24 iyun 2013 10:10 (UTC +04:00)

Bakı – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qərbi Azərbaycan (Ermənistan) nümayəndəliyinin təsis konfransı keçirilib.

 

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya, DAK İdarə Heyətinin üzvləri Vaqif Arzumanlı, İsmayıl Ağayev, Zəlimxan Məmmədli və Əkrəm Fevzi Tərzioğlu, DAK Nəzarət-Təftiş Komissiyasının sədri Samir Əsədli, DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli, DAK Mətbuat Xidmətinin rəhbəri Real Cəfərli və Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

 

Konfransı DAK həmsədri Sabir Rüstəmxanlı açaraq təşkilatın yaranması, fəaliyyəti və gördüyü işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

DAK həmsədri Qərbi Azərbaycandan olan soydaşlarımızı bir araya gətirən bir  günün olmasını təklif edib: “Məsələn, Gürcüstanda öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların Elat bayramı deyilən bir günü var. Borçalı türkləri həmin gün alaçıqlar qurur, öz mədəniyyətlərini, mətbəxlərini, bir sözlə indiyədək yaşatdıqları hər şeyi nümayiş etdirirlər. Ermənistandan deportasiya edilmiş azərbaycanlılarının da belə bir günü ola bilər. Əgər Qərbi Azərbaycandan olan soydaşlarımız istəyərlərsə, iyulun 26-da Borçalıda keçiriləcək Elat bayramında iştirak edə, öz alaçıqlarını qura və indiyədək yaşatdıqları ənənələrini nümayiş etdirə bilərlər”.

 

DAK həmsədri Firidun Pərvizniya isə Qərbi Azərbaycandan olan soydaşlarımızı çox yaxşı başa düşdüyünü və özünün 40 ildən artıqdır öz dədə-baba torpaqlarından uzaqda yaşadığını bildirib: “Güney Azərbaycanda Ermənistanı bir dövlət olaraq tanımırlar, onu qondarma Ermənistan adlandırırlar. Çünki bu ölkə əzəli Azərbaycan torpaqları üzərində qurulub. Sizlərin DAK-ı seçməyinizi müsbət addım sayıram. Çünki biz Azərbaycanın problemlərini hər yerdə qaldırırıq”.

 

DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev deyib ki, Azərbaycan türklərinin Ermənistandan deportasiyası ilə bağlı bir abidə qoyulmalıdır.

 

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Qərbi Azərbaycandan olan soydaşlarımızı iyulun 26-da Borçalıda keçiriləcək Elat bayramında iştirak etməyə dəvət edib: “Hətta DAK İdarə Heyətinin iclasının oradakı alaçıqlardan birində keçirilməsini də planlaşdırırıq”.

 

Bundan başqa, DAK İdarə Heyətinin digər üzvləri - İraq parlamentinin deputatı, İraq Türkman Yazıçıları Birliyinin sədri Əkrəm Fevzi Tərzioğlu və Vaif Arzumanlı, eyni zamanda Qərbi Azərbaycandan olan soydaşlarımız çıxış edərək öz fikirlərini bölüşüblər.

 

Sonda DAK-ın Qərbi Azərbaycan (Ermənistan) nümayəndəliyinin yaradılması qərara alınıb. Səməndər Mehdiyev DAK-ın Qərbi Azərbaycan (Ermənistan) nümayəndəliyinin rəhbəri, 9 nəfər isə qurumun İdarə Heyətinin üzvü seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR