Bakı. Məlahət Nəcəfova-APA. Bu il Əskişəhirdə Xocalı Soyqırımı abidəsinin tikilməsi planlaşdırılır. Əskişəhir Azərbaycanlıları Dərnəyindən APA-ya verilən məlumata görə, abidə Anadolu Universitetindən məzun olmuş Rəşad Əhmədov və Anadolu Universitetinin İqtisad fakültəsinin dekanı Rıdvan Karlukun maliyyə dəstəyi ilə reallaşacaq.
Hazırda Azərsun Holdinq nəzdində fəaliyyət göstərən Azərbaycan Sənaye Sığorta Şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışan Rəşad Əhmədov bu məlumatı təsdiqləyərək bildirib ki, universitetdən bununla bağlı müraciət edildikdə, o bu məsələni holdinqin prezidenti Abdolbari Goozala çatdırıb. Onun sözlərinə görə, Abdolbari Goozal Azərbaycanla bağlı abidə olduğu üçün onun maliyyələşməsinə dəstək göstərəcəyini bildirib. Rəşad Əhmədov qeyd edib ki, hazırda ümumi prosedura qaydaları üzərində iş gedir və Türkiyə tərəfi yekun qərarı nə zaman versə, o zaman işlərə başlanacaq.
Hazırda abidənin Xocalı soyqırımı yoxsa Qarabağ şəhidləri abidəsi adlandırılması məsələsi də dəqiqləşdirilir.