Bakı. Real Cəfərli - APA. Azərbaycan türkləri Finlandiyada İran əleyhinə etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya piket iştirakçılarından Finlandiyada siyasi mühacir həyatı yaşayan azərbaycanlı fəal Aydın Qaraxanlı məlumat verib.
Onun sözlərinə görə, piket 27 gündür aclıq aksiyası keçirən və hazırda Kərəcin Rəcayişəhr həbsxanasında saxlanılan Yeni GAMOH təşkilatının üzvlərinə - doktor Lətif Həsəni, Yürüş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr, Behbud Quluzadəyə dəstək məqsədi daşıyıb: “Finlandiyanın Vaasa şəhərinin mərkəzində keçirilmiş aksiyada İran əleyhinə müxtəlif siyasi şüarlar səsləndirildi, azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması, azərbaycanlı fəallara qarşı təqiblərə, təzyiqlərə, qeyri-qanuni həbslərə və məhkəmə hökmlərinə son verilməsi, Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi tələb edildi. Piket dinc şəraitdə keçirildi və Finlandiya polisi aksiyaya heç bir müdaxilə etmədi”.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı fəallar artıq 27 gündür aclıq aksiyası keçirirlər.