Bank Of Baku

Gürcüstan azərbaycanlıları Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirən yazılardan və bəyanatlardan narahat olduqlarını bildiriblər

Gürcüstan azərbaycanlıları Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirən yazılardan və bəyanatlardan narahat olduqlarını bildiriblər
# 27 iyun 2013 10:26 (UTC +04:00)

Bakı - APA. Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) ictimai təşkilatların nümayəndələrinin, ziyalıların, şairlərin, gənclərin və KİV təmsilçilərinin iştiraki ilə tədbir keçirilib. Mərkəzdən APA-ya daxil olan məlumata görə, qurumun İdarə Heyətinin sədri Fazil Həsənov bildirib ki, bəzi KİV-də və sosial şəbəkələrdə Gürcüstan azərbaycanlılarının adından yayılan bəyanatlar soydaşlarımızın mövqeyini əks etdirmir: “Biz Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək məqsədi güdən yazılardan, bəyanatlardan narahatıq”.     

 

Daha sonra professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər İttifaqının sədri Nizami Məmmədzadə, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, yazıçı Elbəyi Cəlaloğlu, jurnalistlər Şahismayıl Şəmmədoğlu və başqaları çıxış ediblər.

 

Tədbirdə Gürcüstandakı azərbaycanlı ziyalıların bəyanatı qəbul olunub.

 

Bəyanatda bildirilir ki, son vaxtlar bəzi KİV-də və sosial şəbəkələrdə Gürcüstan azərbaycanlılarının adından yayılan bəyanatlar və qərəzli məlumatlar soydaşlarımızda təəccüb və təəssüf doğurur: “Cəmiyyətdə heç bir nüfuzu və sosial dayağı olmayan qondarma bir təşkilat xarici ölkə havadarlarının təşviqi və təhriki ilə strateji əməkdaşlıq, dostluq və qardaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Gürcüstan münasibətlərinə düşünülməmiş, məsuliyyətsiz çıxışları ilə kölgə salmağa çalışır. Onlar bununla da dünya birliyinə inteqrasiya məqsədini özünə hədəf götürmüş, inkişaf etmiş ölkələr arasında sanballı söz sahibinə çevrilmiş, demokratik inkişaf yolunu seçmiş iki qardaş ölkənin uğurlarını, bütövlükdə Cənubi Qafqaz regionunun taleyini şübhə altına qoymağa çalışırlar”.

 

Bəyanatda qeyd olunur ki, Gürcüstanda yaşayan azərbaycanlılar Heydər Əliyev ideyalarına sadiqdirlər: “Gürcüstan azərbaycanlıları özlərinin dövlətçilik ənənələrinə həmişə sədaqətləri ilə öyünüblər, minillik tarixə malik və Heydər Əliyev tərəfindən zirvəyə qaldırılmış mehriban dostluq və qardaşlıq münasibətlərinin qorunub-saxlanılması ilə qürur duyublar”.

 

Bəyanatda prezident İlham Əliyevin Gürcüstana səfərləri, azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində soydaşlarımızla görüşləri xatırladılıb: “Son illər cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində qazanılmış nailiyyətlər bəzi “qaragüruhçu” qüvvələr tərəfindən “həzm” oluna bilmir, onlar nəyin bahasına olursa-olsun, beynəlxalq aləmdə ölkəni müxtəlif bəhanələrlə gözdən salmağa, ən böyük uğur hesab olunan daxili sabitliyi pozmağa və bununla da qarşıdakı prezident seçkilərində ucuz divident qazanmağa cəhd edirlər. Biz, Gürcüstan azərbaycanlıları bir daha bəyan edirik ki, heç bir təxribata uymayan uzaqgörən Azərbaycan xalqı yaxşını yamandan seçməyi çox gözəl bilir, ictimai rəyi öz xeyrinə dəyişməyə və bu yolda heç nəyi əsirgəməməyə çalışan şər qüvvələr niyyətlərinə bu dəfə də çatmayacaq, ağıl-kamal nümayiş etdirən xalq yenə də müdriklik göstərəcək, möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək doğma Azərbaycanımızın daha da çiçəklənməsi və parlaq gələcəyi naminə bütün qüvvə və bacarığımızı sərf edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR