Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin keçmiş sədri, «Demokratik Hərəkat – Vahid Gürcüstan» partiyasının sədri, Gürcüstan prezidentliyinə namizəd xanım Nino Burcanadze azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun İmirhəsən kəndində yerli sakinlərlə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı İsak Novruzov, akademik Elizbar Caveldze iştirak ediblər.
Kənd sakinləri qarşısında çıxış edən N.Burcanadze prezidentliyə namizəd kimi keçirdiyi görüşlərdə əhalinin böyük problemlərinin olduğunu bildirib: «Əhalinin sosial-iqtisadi vəziyyəti aşağıdır, torpaq, içməli su, suvarma suyunun çatışmazlığı, becərdikləri məhsulun sata bilməməsi kimi problemlər gündəmdədir. Ölkədə yeni prezident seçkiləri yaxınlaşır.
Mən istəyirəm ki, hamı seçkilərdə iştirak etsin, düzgün seçim etsin. Ölkəyə düzgün siyasət lazımdır».
N.Burcanadze qonşu ölkələrlə, eyni zamanda Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını vacib sayır: «Çox vacibdir ki, qonşu ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlər yaxşılaşsın. Bu, ilk növbədə bizim milli və dövlət maraqlarından irəli gəlir. Məni bu rayonda daha yaxşı başa düşürlər. İstəyirəm ki, ölkədə hamı yaxşı yaşasın, Gürcüstan güclü olsun, mübahisə, qarşıdurma, münaqişələr olmasın. Hər bir vətəndaş Gürcüstanı öz vətəni hesab etsin və eyni hüquqlu vətəndaş kimi onun inkişafı naminə çalışsın».
Prezidentliyə namizəd dövlət dilinin öyrənilməsinin vacibliyi məsələsinə də münasibət bildirib: «İstərdim ki, biz bir də görüşəndə dövlət dilində danışaq, bu çox vacibdir. Çünki gənclərimiz Gürcüstanın dövlətçiliyini qorumalı və ölkənin ən yaxşı ali təhsil müəssisələrində təhsil almalıdır. Gənclərimiz Gürcüstan dövlətçiliyi naminə müxtəlif sahələrdə işləməlidir. Bu, istər bələdiyyə, istərsə, məhkəmə, istərsə də dövlət idarəçiliyi sahəsi ola bilər və bunun üçün gürcü dilini yüksək səviyyədə bilmək vacibdir. Sizə söz verirəm ki, gürcü dilinin öyrədilməsi proqramını real və gücləndirilmiş şəkildə həyata keçirəcəyik».
Görüşdə iştirak edən kənd sakinləri onları narahat edən problemlərdən danışıblar. Bildiriblər ki, E.Şevardnadze və Z.Qamsaxurdiyanın prezidentliyi dövründən olan problemlər hələ də həll olunmayıb. Kənd sakinləri Bolnisidə azərbaycanlıların kompakt yaşadığı kəndlərin tarixi adlarının hələ də geri qaytarılmadığını, təkcə kənd adlarının deyil, eyni zamanda çayların da adlarının dəyişdirildiyini qeyd ediblər.
Yerli sakinlərin şikayətlərini dinləyən N.Burcanadze bu problemləri bildiyini söyləyib və prezident seçiləcəyi təqdirdə onlara əməli kömək edəcəyini, ali təhsilli gənclərin işlə təmin olunacağına çalışacağını bildirib: «Bizim üçün çox vacibdir ki, ali təhsili olan və gürcü dilini əsaslı şəkildə bilən azərbaycanlı gənclər layiq olduqları yüksək vəzifələrə təyin olunsun, məktəb və digər problemləri yerində həll etmək lazımdır».