Gürcüstan. Nizami Məmmədzadə - APA. “Biz Gürcüstandakı etnik azlıqların gürcü cəmiyyətinə tezliklə inteqrasiyası üçün planlar həyata keçiririk. Çalışırıq ki, etnik azlıqlar ölkədə özlərini bərabərhüquqlu vətəndaş kimi hiss etsinlər”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili deyib. O bildirib ki, Gürcüstan dövləti etnik azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasında maksimum maraqlıdır: “Bizdə bu mövzu ilə bağlı kifayət qədər layihə var. Biz çalışırıq ki, azərbaycanlılar cəmiyyətə inteqrasiya olmaqla öz bilik və bacarıqlarını göstərə bilsinlər. İstəyirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz dillərini də unutmasınlar, Azərbaycan dilini mükəmməl şəkildə öyrənsinlər və arzularını həyata keçirsinlər. Bununla yanaşı, dövlət dilini də yaxşı öyrənsinlər və bu dildə danışsınlar. Belə olarsa onlar üçün yeni iş yerləri yaranar və dövlət dilinin öyrənilməsi işsizliyin ləğvinə də təkan verər. Biz çalışırıq ki, 5-6 il müddətində inteqrasiya ilə bağlı bütün məsələləri həll edək və elə edək ki, “inteqrasiya” sözü unudulsun və hamı özünü layiqli vətəndaş kimi hiss etsin”.