Gürcüstan. Nizami Məmmədzadə - APA. Yeni dərs ilinin başlanması ilə əlaqədar Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib. APA-nın yerli müxbirinin xəbərinə görə, nazir Marneulidəki 3 saylı məktəbdə azərbaycanlı müəllim və şagirdlərlə görüşüb, yeni tədris ilinin başlanması münasibətilə onları təbrik edib və dövlət adından birinci sinif şagirdlərinə kompüter bağışlayıb.
Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, onun müavini Ramin İsmayılov, Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov və digər şəxslər iştirak edib. Məktəb direktoru Ruslan Hacıyev P. Zakareişviliyə göstərdiyi diqqət üçün təşəkkürünü bildirib və onu əmin edib ki, müəllim kollektivi şagirdlərin ölkənin layiqli vətəndaşı olması üçün təlim-tərbiyə işini daha da gücləndirəcək.
R. Hacıyev APA-ya açıqlamasında məktəbdə 510 şagirdin təhsil aldığını və onlara 55 müəllimin dərs dediyini söyləyib: “Hazırda bütün şagirdlərimiz pulsuz kitabla təmin olunub. Bu il 38 nəfər şagird birinci sinifdə oxuyacaq və onların hər biri kompüterlə təmin olunub”.
Qeyd edək ki, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Marneulidə fəaliyyət göstərən digər Azərbaycandilli məktəblərə də baş çəkib.
Yeni tədris ilində Gürcüstandakı 2332 orta məktəbdə 610430 şagird təhsil alacaq. Ali məktəblərin sayı 64-dür və birinci kurslara 28 min abituriyent qəbul edilib. Ümumiyyətlə, Gürcüstan ali məktəblərində 120 mindən çox tələbə təhsil alır.