Bakı – APA. Sentyabrın 24-də İsrailin Kiryat-Ekron şəhərində Azərbaycan İsrail (Azİz) Assosiasiyasının təşkilatçılığı, Heydər Əliyev Fondunun və Dağ Yəhudilərinin Beynəlxalq Fondunun dəstəyi ilə Azərbaycan Günləri başlayıb. “Azİz”dən APA-ya verilən xəbərə görə, ölkənin müxtəlif şəhərlərində keçiriləcək “İsraildə Azərbaycan Günləri” çərçivəsində bir sıra tədbirlər planlaşdırılıb. Məqsəd xalqların yaxınlaşmasına kömək və İsrail vətəndaşlarını Azərbaycanın tarixi, mədəniyyəti, bu günü ilə tanış etməkdir. “Azİz”in baş direktoru Lev Spivak Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri də İsrail ictimaiyyətinin nəzərinə çatdırmaq istədiklərini söyləyib.
Rəsmi tədbirlərdən əvvəl Kiryat-Ekron Mərkəzi Mədəniyyət Evinin qarşısında “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının səyyar foto-sərgisi açılıb. Bir çox iştirakçı fotolara baxarkən şok keçirib. Kiryat-Ekron meri Arik Hadad çıxışında bildirib: “Biz özümüzü kifayət qədər savadlı və məlumatlı sayırıq. Biz dünyada baş verənləri internet vasitəsilə izləyirik və öz məlumatlılıq səviyyəmizə çox arxayınıq. Lakin birdən anlayırsan ki, XX əsrdə daha əvvəl bilmədiyin və kimlərinsə hansısa səbəbdən bu barədə danışmadığı dəhşətli hadisələr baş verib. Bu, bizi daha çox heyrətə salır. Bu fotolara Xocalıda törədilmiş cinayətlərin qurbanlarının iztirablarını hiss etmədən baxmaq mümkün deyil. Biz orada baş verənləri bilməyə və xatırlamağa məcburuq. Dünya bu barədə bilməlidir”.
“Azİz”in İdarə Heyətinin üzvü Arye Qut Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib. İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və yəhudilərin bu hökumətdə iştirakı haqda çıxışı da maraqla qarşılanıb.
“Azərbaycan Günləri” çərçivəsində təşkil olunmuş ilk gecə konsert proqramı ilə yekunlaşıb.