Bakı-APA. İstanbul Türkiyə Azərbaycan Dərnəyi Maltepe Saylan Kültür Mərkəzində Novruz şənliyi təşkil edib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə başlayan proqramda Çanaqqala şəhidləri də unudulmayıb. Dərnəyin gənclər təşkilatının hazırladığı “Canaqqala keçilməz” adlı tamaşa izləyicilərin marağına səbəb olub. Proqramda Azərbaycanın xalq artisti Brilyant Dadaşova da iştirak edib. Novruz tədbirləri çərçivəsində zalda simvolik ocaq qalanıb.
İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, Gecədə iştirak edən Maltepe Bələdiyyə sədrinə, Azərbaycan və Türkiyədən olan sənətçilərə, maliyyə dəstəyi göstərənlərə və proqramın təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Bayram şənliyində iştirak edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov iştirakçıları təbrik edərək onların diqqətini Qarabağ məsələsinə yönəldib.
Novruz bayramı ilə bağlı çıxış edən Maltepe Bələdiyyə sədrinin müavini Nimet Karabulut çoxsaylı qonaqları qarşılamaqdan qürur duyduqlarını söyləyib: “Novruz bayramı belə qeyd edilər. Qardaşlıq, dostluq və birliyimizin sonsuza qədər sürməsini arzu edirəm”. Bayram proqramı iştirakçılara xatirə hədiyyələrinin təqdimatı ilə başa çatıb.