Bakı-APA. “Dünya Türk Gəncləri Birliyi” ictimai birliyi 16-19 dekabr 2012-ci il tarixdə Türkiyənin İstanbul şəhərində XV Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirəcək. APA-nın məlumatına görə, qurultayda ilk dəfə Buryad və Kalmik (Monqol dilli) xalqlarının nümayəndələri iştirak edəcək. Bu vaxta kimi təmsil olunmayan və adı ancaq qədim tarixdə hallanan Şimali Qafqazda yaşayan Turuxmenlər nümayəndələrinin iştirakı gözlənilir. Daha bir ilk qurultay günlərində DTGB-nin qadınlar şurasının və Türk Dünyası gənc jurnalistlərinin ilk zirvəsi keçiriləcəyi planlaşdırılır. Tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər də iştirak edəcək. Hər iştirak edəcək xalqdan gənc ifaçılar və sənətçilər öz musiqi folklor mədəniyyətindən maraqlı və fərqli türk havaları, rəqsləri ifa edəcəklər.
Qurultayda bir çox Azərbaycan, Türkiyə rəsmiləri iştirak edəcək. Qurultay Gənclər və İdman Nazirliyinin və həmçinin Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutacaq.