Bakı-APA. İtaliyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Romanın “Tor Vergata” Universitetində Azərbaycana həsr edilmiş təqdimat keçirilib. Azərbaycanın İtaliyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri açan Universitetin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Pietro Masi təqdimat iştirakçılarına Universitetin rektoru, professor Renato Lauronun salamlarını çatdırıb. Daha sonra o, İtaliya ilə Azərbaycan arasında çoxsahəli əlaqələrin mövcud olduğunu qeyd edib.
Tədbirdə çıxış etmiş Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin tarixi, dövlət quruluşu, apardığı daxili və xarici siyasəti, Azərbaycan-İtaliya əlaqələrin tarixi və müasir vəziyyəti, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı iqtisadi və nəqliyyat layihələri, Cənubi Qafqaz və Xəzəryanı bölgələrdə inkişafda olan mühüm siyasi və iqtisadi proseslərdə Azərbaycanın aparıcı rolu barədə danışıb. Daha sonra səfir V.Sadıqov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və indiki vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda səfir V.Sadıqov müzakirə zamanı verilmiş sualları cavablandırıb, ölkəmizin təhsil sistemi barədə məlumat verib.
Təqdimatda “Tor Vergata” Universitetinin professor-müəllim və tələbə heyətinin üzvləri və mətbuat orqanlarının nümayəndələri iştirak edib.