Bakı-APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərində “Azərbaycan San Dieqo ilə görüşür” (Azerbaijan meets San Diego) adlı geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, tədbirdə Kaliforniya Ştat Senatının və Assambleyasının üzvləri, o cümlədən Senatorlar Coel Anderson və Marti Block və Ştat Assambleyasının demokratik çoxluğunun rəhbəri Toni Atkins, San Dieqo şəhər meriyasının və Dəniz Limanı Administrasiyasının nümayəndələri, yerli universitetlərin professorları, konsulluq korpusunun və mədəniyyət ocaqlarının təmsilçiləri, KİV nümayəndələri, eləcə də Azərbaycan, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan muğam triosunun və San Dieqodan olan Amerikan caz kvartetinin ifasında muğam-caz sintezi konserti ilə başlanıb.
Konsertdən sonra “Azərbaycan gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin açılışı olub. Sərgidə Azərbaycan Dövlət Gömrük Komitəsi muzeylərində saxlanılan, Komitə əməkdaşları tərəfindən qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, qonaqları salamlamış və bu kimi tədbirlərin önəmindən bəhs edib. Diplomat Azərbaycan ilə Kaliforniya arasında əlaqələrin, o cümlədən Bakı ilə San Dieqo arasında yaradılmış münasibətlərin bundan sonra daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev çıxışında Dövlət Gömrük Komitəsinin mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlərdən, sərgidə nümayiş etdirilən eksponatların yüksək bəşəri önəmindən bəhs edib. O, həmçinin, Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərdən istifadə yolu ilə mədəni dəyərlərin oğurlanmasının bəşəriyyətin mədəni irsinə zərbə vurduğunu qeyd edərək, belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Kaliforniya Ştat Senatının üzvü Coel Anderson Muğam-Caz konsertindən və sərgidə nümayiş etdirilən qiymətli incəsənət əsərlərindən riqqətə gəldiyini bildirərək, belə tədbirlərin iki xalqın daha da yaxınlaşması və bir-birini daha yaxından tanıması üçün yüksək önəm daşıdığını qeyd edib. Sonra C.Anderson Kaliforniya Ştat Senatının üzvləri tərəfindən imzalanıb, Azərbaycan Respublikasına həsr olunmuş qətnaməni A.Əliyevə təqdim edib. Qətnamədə Azərbaycan barədə məlumat verilərək, Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı olduğu və Kaliforniyadakı Azərbaycan icmasının müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və çiçəklənməyə fəal şəkildə töhfə verdiyi bildirilir.