Bakı-APA. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Gyöngyöş şəhəri merinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində Gyöngyöş şəhərinin meri Farago Laszlo, Macarıstanın Jobbik partiyasının nümayəndəsi Keves Tamas, VAMAV şirkətinin direktoru Sandor Ferenc, kənd təsərrüfatı məhsulları və heyvandarlıq sahəsi üzrə ekspert Szecsko Tamas təmsil olunub.
Səfərin ilk günü nümayəndə heyəti Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə birgə Zəngilan rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib. Anım tədbirində nümayəndələr Zəngilanla bağlı əyani vəsaitlərlə tanış olub və tədbirə iştirak edən dövlət və hökumət nümayəndələri ilə görüşüblər. Anım tədbirində qonaqlar həmçinin Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Qaçqınların və Məcbur Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri Əli Həsənovla görüşüblər. Daha sonra qonaqlara Bakı şəhərinə tanışlıq məqsədi ilə geniş şəhər gəzintisi təşkil olunub, Bakının qədim və müasir arxitektura tikililərini özündə birləşdirən abidələri ilə tanış olublar.
Bundan əlavə, qonaqlar icmanın və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə yaratdığı “Qarabağ Araşdırmalar Mərkəzi”ndə olub. Qonaqlar Mərkəzin iş fəaliyyəti, mərkəzdə olan əyani və elektron vəsaitlərlə tanış olublar. Müxtəlif dillərdə 3000-dən çox kitabın cəmləşdiyi mərkəzdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib.
Qonaqlar Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün salınmış şəhərciyə səfər ediblər. Qonaqlar qəsəbədə məcburi köçkünlər üçün yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin məcburi köçkün uşaqların təhsil aldığı orta məktəbin, Musiqi və Mədəniyyət məktəbinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Səfərin son günü nümayəndə heyəti Şuşa rayon İcra Hakimiyyətinin və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə birgə Quba şəhərinə səfər edib və “Quba Soyqırımı Memorial Kompleksini” ziyarət ediblər.
Qonaqlar kompleksdə xüsusi qonaqlar üçün ayrılmış kitaba ürək sözlərini də qeyd ediblər. Həmçinin zəngin mədəniyyətə malik Qubanın tarixi ilə yaxından tanış olan qonaqlar Quba şəhərində fəaliyyət göstərən “Qədim Quba” xalça sexini ziyarət ediblər.
Səfərində sonunda yenidən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri və Şuşa rayon İcra Hakimiyyətinin işçiləri ilə bir araya gələn qonaqlar səfərin əhəmiyyəti və bu əlaqələrin iki dost və qardaş ölkə arasında yaradacağı ikitərəfli geniş əlaqələrdən danışıblar. Ümumilikdə, səfərin çox məhsuldar keçməsini bildirən qonaqlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən bir millətə qarşı törədilmiş soyqırımı aktı kimi tanınacağını və məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.