Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli (Gürcüstan) şəhərindəki “ATAHolding” İdman Mərkəzində Avrasiya Araşdırmalar Mərkəzi İctimai Birliyinin və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Azərbaycan həqiqətləri” albomunun və “Qaradağlı soyqırımı” kitabının təqdimat mərasimi keçirilib.
İngilis və Azərbaycan dillərində işıq üzü görən albomun təqdimatı ilk dəfə olaraq Gürcüstanda keçirilib. Tədbirdə Azərbaycanda baş verən faciə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Prezident yanında KIV-ə Dövlət Dəstəyi Fondunun müşahidə şurasının sədri Umud Mirzəyev, “Karabakh.info” elektron jurnalının baş redaktoru Zaur Qəriboğlu, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları çıxış edərək, erməni silahlı qüvvələrinin Azərbaycanda törətdikləri soyqırımlardan, Qarabağ torpağında həyata keçirdikləri vandalizmdən ətraflı söhbət açıblar.
Millət vəkili Qənirə Paşayeva müasir gəncliyə Azərbaycan tarixini mükəmməl öyrətməyin vacibliyini vurğulayıb: “Bəzən gənclərin içində millətimizə xəyanət edən gənclər də yetişir. Biz Azərbaycan həqiqətlərini yayan azərbaycanlı gəncliyin yetişməsini arzulayırıq. Gənclik erməni yalanlarını ifşa etmək biliyinə sahib olmalıdır. Harada yaşamağımızdan, harada doğulmağımızdan asılı olmayaraq, biz soyqırım törədənlərdən ədalət və tarix qarşısında cavab vermələrini tələb etməliyik. Biz elə bir nəsil yetişdirməliyik ki, onlar hər gün Qarabağ haqqında düşünsünlər”.
Tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycan həqiqətlərini, xalqın başına gətirilən bu faciələri başqa millətlər içində təbliğ etmək lazımdır.
Sonda tədbirdə “Ruhum qarabağlıdır” adlı film nümayiş olunub.