Moskva. Fərid Əkbərov – APA. Rusiya xüsusi təyinatlı polis dəstələri - OMON Moskva vilayətinin Dolqoprudnıy rayonunda yerləşən meyvə-tərəvəz bazasında “təmizləmə əməliyyatı” keçirib. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, keçirilən əməliyyat zamanı polis Rusiya miqrasiya qanunvericiliyini pozan 600-ə yaxın xarici vətəndaşı saxlayıb. Onlar polis şöbələrinə aparılıblar.
Saxlanılanlardan 33 nəfərinin artıq ölkədən deportasiya olunması haqqında qərar qəbul olunub. Onlardan 7 nəfərinin saxta miqrasiya sənədi olduğu bildirilib.
Polisdən əlavə ediblər ki, saxlanılan qeyri-leqal miqrantlar meyvə-tərəvəz bazasının ərazisində yaşayanlardır.
Qeyd edək ki, Rusiya polisi müntəzəm reydlərə iyulun 27-də Moskvanın “Matveevski” bazarında Dağıstan sakinlərinin polis nəfərinə hücum edərək ona ağır xəsarət yetirməsindən sonra başlayıb.