Bakı – APA. Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyətini qəbul edib.
Komitənin mətbuat xidmətindən APA-ya verilə məlumata görə, görüş zamanı Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, institutun Azərbaycan tarixi və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
Tədbiri giriş sözü ilə açan N.İbrahimov Kanadanın aparıcı universitetlərindən biri olan Toronto Universitetinin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Komitənin universitetlə əməkdaşlığa böyük önəm verdiyini və ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu vurğulayan komitə sədri bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri - Kanada-Azərbaycan Araşdırmalar İnstitutunun təsisçisi, Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov institutun fəaliyyəti barədə geniş məlumat verib. O, institutun 2009-cu ildə təsis edildiyini və 2011-ci ildə rəsmi qeydiyyatdan keçdiyini qeyd edib. İ.Axundov institutda Azərbaycanın siyasi və iqtisadi həyatının müxtəlif istiqamətləri üzrə tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, institutda Azərbaycana həsr olunmuş seminarların təşkil olunduğunu və bu seminarlarda Kanadada fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələrinin də iştirak etdiyini bildirib.
Kanadanın Toronto Universitetinin professoru Robert Austin Azərbaycanın kifayət qədər maraqlı ölkə olduğunu və burada olmaqdan məmnunluq duyduğunu vurğulayıb. O, Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun ötən müddətdə çox mühüm işlər gördüyünü, Azərbaycanın tarixi, iqtisadiyyatı, ictimai-siyasi həyatı ilə bağlı bir sıra maraqlı tədqiqatlar aparıldığını söyləyib. O, layihənin daha da genişləndirilməsinin əhəmiyyətli olacağına inamını ifadə etmişdir. R.Austin torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin nə qədər ciddi çətinliklərlə üzləşdiyini anladığını bildirərək, bu barədə öz tələbələrinə məlumat verdiyini də qeyd edib.
N.İbrahimov Kanada Azərbaycan Tədqiqatlar İnstitutuna bundan sonra da dəstək veriləcəyini diqqətə çatdırıb. O, Kanadada belə bir institutun fəaliyyət göstərməsinin Azərbaycan haqqında bu ölkə ictimaiyyətinin, xüsusilə elm adamlarının və gənclərin məlumatlandırılması baxımından çox vacib olduğunu söyləyib, layihənin genişləndirilməsi üçün Komitə tərəfindən bütün zəruri köməkliyin göstəriləcəyini vurğulayıb.
Qeyd edək ki, yanvarın 14-də Bakıya gəlmiş Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyətinin səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra dövlət orqanlarında görüşlər keçirib.