Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün Bakıda səfərdə olan Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç ilə görüşüb.
Komitədən APA-ya verilən məlumata görə, görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
N.İbrahimov rəhbərlik etdiyi qurumla Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti arasında əlaqələri daha da inkişaf etdirmək məqsədilə işçi qrupun yaradılmasını təklif edib. O qeyd edib ki, yaradılacaq işçi qrup vasitəsilə türk və Azərbaycan diasporu arasında koordinasiya daha effektli qurula bilər.
K.Yurtnaç isə öz növbəsində bildirib ki, mayın 14-də Ankara Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin görüşünə ev sahibliyi edəcək. Görüşdə “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın layihəsi müzakirə olunub təsdiqlənməlidir. O da Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib: “Türk dünyasının ən böyük ehtiyacı beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış edə bilməsidir”.
K.Yurtnaç bildirib ki, ötən il Fransada keçirilən və 35 min insanın iştirak etdiyi yürüşün təşkilində Azərbaycan diasporunun çox böyük dəstəyi olub. Türk diasporunun da Xocalı həqiqətlərinin dünyaya çatdırılması fəal iştirak etdiyini deyən K.Yurtnaç birgə fəaliyyətin daha da gücləndirilməsinin vacib olduğunu və bu məqsədlə işçi qrupun yaradılması ideyasını dəstəklədiyini bildirib.