Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyə Kocaeli böyükşəhər bələdiyyə başçısı İbrahim Karaosmanoğlu ilə görüşüb. Komitədən APA-ya verilən məlumata görə, İ.Karaosmanoğlu qonaqları salamlayaraq onları Türkiyədə görməkdən məmnun olduğunu bildirib. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin dərin tarixi, etnik və mədəni köklərə malik olduğunu deyən bələdiyyə başqanı müasir dövrdə iki ölkənin əlaqələrini yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının bu əlaqələrin inkişafına önəmli töhfələr verdiyini bildirən İ.Karaosmanoğlu təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O, noyabrın 23-də açılışı gözlənilən Azərbaycan Mədəniyyət Evinin Türkiyədə Azərbaycanın daha yaxından tanıdılmasında mühüm rol oynayacağına inandığını vurğulayaraq burada yüksək səviyyəli mədəni tədbirlərin, sərgilərin, konsert proqramlarının, elmi-praktiki konfransların keçirilməsi üçün yaxşı şəraitin yaradıldığını qeyd edib: “Bu mədəniyyət evi Azərbaycanın tarixi, incəsənəti, iqtisadiyyatını daha yaxşı tanıtmağa, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafına töhfə verməyə xidmət edəcək”.
Nazim İbrahimov səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Türkiyə ilə Azərbaycanın iki qardaş ölkə olduğunu vurğulayıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı bu münasibətləri çox dəqiq ifadə edir. Bu gün bizim ölkələrimiz və xalqlarımız arasında olan qarşılıqlı etimad əlaqələrimizi daha da inkişaf etdirməyə və möhkəmləndirməyə imkan yaradır”.
O, qeyd etmişdir ki, bu gün Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələri də məhz bu qarşılıqlı etimada əsaslanır.
N.İbrahimov TADEF-in fəaliyyətinə verilən dəstəyə və Azərbaycan Mədəniyyət Evi üçün binanın ayrılmasına görə təşəkkür edərək, bu addımın iki xalq arasındakı qardaşlıq münasibətlərindən qaynaqlandığını vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Kocaeli valisi Ercan Topaca ilə də görüşüb. Türkiyədə Azərbaycana səmimi bir sevginin olduğunu vurğulayan E.Topaca bu münasibətin xalqlarımız arasındakı qardaşlıq münasibətlərindən irəli gəldiyini bildirib. O, iki ölkənin birlikdə həyata keçirdiyi layihələr sayəsində regionda və dünyada nüfuzunun getdikcə artdığını qeyd edib. Türkiyə ilə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Kocaeli valisi qarşılıqlı sərmayə yatırımlarının da burada mühüm rol oynadığını vurğulayıb.
E.Topaca Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının gördüyü işlərin, həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb: “Bəzən Türkiyədə də Azərbaycanı daha yaxından tanıdan, təbliğ edən layihələrə ehtiyac duyulur. Bu baxımdan Federasiyanın üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, yeni açılan Azərbaycan Mədəniyyət Mərkəzi də bu istiqamətdə uğurlu fəaliyyət göstərəcək”.
Xoş sözlərə görə təşəkkürünü bildirən N.İbrahimov Azərbaycanda da Türkiyəyə qarşı hər zaman sevgi və ehtiramla yanaşıldığını qeyd edib. O, TADEF-in ən fəal diaspor təşkilatlarından biri olduğunu və Türkiyədə Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün bir sıra uğurlu layihələrə imza atdığını vurğulayıb. Azərbaycan Mədəniyyət evinin iki ölkə arasında iqtisadi və mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirən Dövlət Komitəsinin sədri TADEF-in fəaliyyətinə Kocaeli bələdiyyəsi və valiliyi tərəfindən daim dəstək göstərilməsindən məmnun olduğunu söyləyib.
N.İbrahimov E.Topacanı Azərbaycana səfərə dəvət edərək, bu cür qarşılıqlı səfərlərin əməkdaşlığın dərinləşməsində mühüm rol oynaya biləcəyini qeyd edib.
E.Topaca bu səfəri tezliklə reallaşdırmağa çalışacağını bildirib. O, Kocaelidən olan iş adamlarının da Azərbaycana, Azərbaycandan olan iş adamlarının isə Kocaeliyə səfərlərini təşkil etməyin hər iki ölkə üçün faydalı olacağına inandığını qeyd edib.