Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-ın Nyu-York şəhərindəki Ermənistan konsulluğu və BMT qərargahının qarşısında Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Türk-Amerika Dərnəkləri Federasiyası Nyu-Yorkdakı Azərbaycan diasporu ilə birgə təşkilatçılığı ilə keçirilən aksiyada iştirak edən Türkiyə və Azərbaycan diasporunun nümayəndələri əllərində Azərbaycan, Türkiyə və ABŞ-ın bayraqlarını, Ermənistanın işğalçılıq siyasətini, Xocalı Soyqırımını pisləyən plakatlar tutublar. Aksiyada “Ermənistan terrorçudur!”, “Ermənistan işğalçıdır!”, “Dağlıq Qarabağda kriminal rejimə son qoyulsun!”, “Xocalıya ədalət!” kimi şüarlar səsləndirilib. Türk-Amerika Dərnəkləri Federasiyasının rəhbəri Əli Çinar aksiyada çıxış edərək Azərbaycanın haqlı mübarizəsində hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib: “Azərbaycanlı qardaşlarımız dəstək vermək bizim üçün vacibdir. Ermənistanın Dağlıq Qarabağdan çıxması və haqlı davada azərbaycanlı qardaşlarımıza dəstək vermək üçün burdayıq. İnanırıq ki, beynəlxalq təşkilatlar və BMT bu istiqamətdə əməli işlərə başlayacaq”.
Çıxış edən Azərbaycan Nyu-York Assosiasiyasının üzvü Əli Nəsibov dünya xalqlarını işğal olunmuş torpaqları, Dağlıq Qarabağı qaytarmaqda azərbaycanlılara kömək etməyə çağırıb.
Aksiyanın sonunda BMT baş katibinə ünvanlanmış müraciət səsləndirilib.