Bakı. Məlahət Nəcəfova-APA. Praqanın mərkəzi Namesti Miru (Sülh) meydanında AZƏR-ÇEX Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət – Xocalıya işıq” aksiyası keçirilib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, Müqəddəs Lyüdmila tarixi məbədin qarşısında yerləşən bu ərazidə Xocalı çadırı və açıq səma altında Xocalı fotosərgisi qurulub və 1000-dən çox buklet və bröşürlar paylanıb. Mərkəzi meydan olduğu üçün, Xocalı çadırı ilə yüzlərlə çex və xarici turistlər maraqlanıblar. Axşam saatlarında, meydanın mərkəzində 1500-dən çox şam vasitəsilə 50 metr uzunluğunda XOCALI sözü yazılıb və iştirakçılar tərəfindən simvolik olaraq yandırılıb. Tədbiri cəmiyyətin sədri Elşən Nəzərov açaraq Beynəlxalq “Xocalıya ədalət” kampaniyası haqda məlumat verib, Çexiya Parlamenti Xarici Əlaqələr Komitəsinin 7 fevral tarixli Xocalı faciəsi haqda olan rəsmi qərarını oxuyub.
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə çıxışında 21 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi ilə 71 il əvvəl Çexiyanın Lidiçe səhərində alman faşistləri tərəfindən törədilmiş hadisələri müqayisə edib, Azərbaycanın haqq səsinə dəstək verdiyi üçün Çexiya ictimaiyyətinə minnətdarlığını bildirib. Bundan sonra Çexiya Filarmoniyasının əməkdaşlarından ibarət trio “Sarı gəlin” kompozisiyasını ifa edib.
Tədbirdə Azərbaycan və Çexiyanın ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslər, KİV nümayəndələri və Çexiyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak edib.
Aksiya üçün istifadə olunmuş materiallar Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Praqadakı səfirliyi tərəfindən dəstəklənib.