Bakı. Hafiz Heydərov – APA. 28 May - Respublika Gününün 95-ci ildönümü münasibətilə Azərbaycanın Qarsdakı Baş Konsulluğu tərəfindən tədbir keçirilib. Konsulluqdan APA-ya verilən məlumatda bildirilir ki, mərasimdə Qars vilayətinin valisi Eyüp Tepe, vali müavinləri Faruk Ekiz, Ünal Coşkun və Vedat Yılmaz, Tuğgenral Zəki Gürcan, Jandarma Alay Komandiri Osman Uçar, bələdiyyə sədrinin müavini Cahangir Umurbəy, vilayət eləcə də şəhərin digər qurumlarının rəhbərləri və nümayəndələri, Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyasının (ÇHP) üzvləri, eləcə də İqdır ictimaiyyətinin nümayəndələri, KİV, yerli ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən baş konsul Ayxan Süleymanov ilk öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, müstəqilliyin əldə edilməsində xidmət göstərən şəxslərdən, cümhuriyyətin 23 ay yaşamasına baxmayaraq böyük işlər həyata keçirməsindən söhbət açıb. Baş konsul həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qazanmasında türk xalqının verdiyi dəstəyin əvəzsiz olmasını, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının əbədi olmasını vurğulayıb.
Azәrbaycan və Türkiyә münasibәtlәrindә Qarsın müstәsna yeri olduğunu, artıq Qarsın Türkiyә ilə Azәrbaycan arasında dostluq və qardaşlıq mәrkәzinə çevrildiyini ifadə edən baş konsul Qars şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhər olmasını xatırladaraq, bu yaxınlarda Baş Konsulluq vasitəsilə Qars şəhəri, həmçinin Azərbaycanın Mingəçevir şəhəri ilə də qardaşlaşdığını və bununla bağlı Qars şəhər bələdiyyəsinin sədri Nevzat Bozşkuşun rəhbərliyi ilə nümayəndə heyətinin Mingəçevirə rəsmi səfər etdiklərini qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Qars valisi E.Tepe Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan xalqının türk xalqı ilə eyni soydan gəldiklərini, eyni mədəniyyəti daşıdıqlarını və təbii olaraq qardaş ölkə olduqlarını söyləyib. Azərbaycan xalqının tarix boyu çoxsaylı qurbanlar verməsinə baxmayaraq, öz müstəqilliyini əldə etməsini və qoruyub-saxlanmasını böyük bir tarixi nailiyyət kimi qiymətləndirib və bu yolda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və lazımi dəstəyi verməyə hazır olduqlarını vurğulayıb.