Strasburq. Fuad Qulubəyli - APA Yanvarın 20-də Fransanın Strasburq şəhərinin “Hilton” otelində Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi tərəfindən 20 yanvarla bağlı anma mərasimi keçirilib. Mərasimdə 20 yanvarda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
APA-nın Avropa bürosunun məlumatına görə, tədbirdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olan Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Strasburqda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının əməkdaşları, Strasburq Universitetinin müəllim və tələbələri, Azərbaycan diasporunun təmsilçiləri və digər qonaqlar iştirak ediblər. Daimi nümayəndəliyin yeni təyin olunmuş rəhbəri, səfir Emin Yaqubov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rövşən Rzayev və Rafael Hüseynov çıxış ediblər.
Sonda Almaniyada yaşayan gənc pianoçu, xanım Elnarə İsmayılovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri dinlənilib və iştirakçılar üçün ehsan süfrəsi təşkil olunub.