ARDNŞ-in Gürcüstan nümayəndəliyi binanı alaraq təmir etdirməyə söz verib
Gürcüstan. Nizami Məmmədzadə - APA. “Tiflis Dövlət Azərbaycan Dram Teatrının binası bərbad vəziyyətdədir. Biz tamaşalarımızı digər teatrlarda kirayə haqqı ödəməklə oynayırıq”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Tiflis Dövlət Azərbaycan Dram Teatrının rejissoru Namiq Valehoğlu APA-ya açıqlamasında deyib.
Teatrın aktyoru Hidayət Hüseynli isə teatrın tarixinin XIX əsrdən başlandığını, bu binada Azərbaycan teatrının korifey sənətkarlarının çalışdığını xatırladıb: “İndi biz Axundovun 200 illiyinə həsr olunan “Sərgüzəşti Vəziri Xani Lənkəran” komediyasını oynamaq istəyirik. Amma məcburuq ki, Qriboyedov Teatrına 2 min lariyədək icarə haqqı ödəyərək tamaşalarımızı orada nümayiş etdirək. Gələn il Tiflis Dövlət Azərbaycan Dram Teatrının 140 illiyini qeyd etmək istəyirik. Lakin teatrımızın tarixini qeyd etməyə və tamaşa hazırlamağa elementar şəraitimiz yoxdur. Teatrın divarları uçur. Binanın xarici təmir olunsa da, daxildə bərbad vəziyyət hökm sürür. 250 nəfərlik tamaşaçı salonu teatrın sınıq-salxaq əşyaları və tikinti materialları ilə doludur”.
H. Hüseynov teatrın binasında 18 ailənin yaşadığını və bu ailələrdən çoxunun erməni ailəsi olduğunu da söyləyib: “Onlar binadan çıxmaq istəmirlər. Hansı qüvvələrsə onların arxasında durur”.
Teatrın rejissoru Namiq Valehoğlu teatrın problemlərinin yaxın aylarda həll ediləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, ARDNŞ-in Gürcüstan nümayəndəliyi söz verib ki, teatr binası bütünlüklə satın alınacaq və yaxın zamanda təmiri başlanacaq.