Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası çərçivəsində idarələrarası komissiyanın iclası keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə iştirak edən komissiya üzvləri media və etnik azlıq nümayəndələrinə informasiyanın çatdırılması ilə bağlı “Mülki inteqrasiyanın təmin olunması: “Media və informasiyanın çatdırılması” mövzusunda məsələləri müzakirə ediblər.
Tədbiri Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin aparatının vətəndaş inteqrasiyası şöbəsinin müdiri Tina Qoqeliani açaraq milli azlıqların dilində nəşr olunan mətbuat sahəsində əldə olunan nailiyyətlər, problemlər və qarşıda duran planlardan bəhs edən “Media - mülki inteqrasiyanın aləti” adlı layihə təqdim edib. Tədbirdə Gürcüstanın İctimai Televiziyasının nümayəndəsi Zurab Dvali “Mövcud televiziya məkanı: “İctimai televiziya, müsbət nəticələr və çatışmazlıqlar” mövzusunda çıxış edib. O qeyd edib ki, Gürcüstan İctimai televiziyasında gürcü dili ilə yanaşı Azərbaycan, erməni və rus dillərində “Moambe” (“Xəbərlər”) proqramı fəaliyyət göstərir və milli azlıqların kompakt yaşadığı bölgələrdən müntəzəm informasiyalar verir.
Sonra milli azlıqların dilində nəşr olunan qəzetlərin nümayəndələri çıxış ediblər. “Vrastan” qəzetinin redaktoru Van Bayburt, “Gürcüstan” qəzetinin redaktor müavini İslam Əliyev, “Svobodnaya Qruziya” qəzetinin redaktoru Tato Lasxişvili və başqaları milli azlıqların dilində nəşr olunan qəzetlərin problemlərindən və gələcək planlar haqqında ətraflı məlumat verib, mövcud informasiya qıtlığını aradan qaldırmaq üçün müxtəlif məqsədyönlü təkliflər bildiriblər.
Sonra tədbir diskussiya şəraitində davam edib. Çıxışçılara komissiya üzvləri tərəfindən suallar verilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin dəstəyi ilə baş tutub. Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası komissiyasına adı çəkilən nazirlik rəhbərlik edir.
Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin aparatının vətəndaş inteqrasiyası şöbəsinin müdiri Tina Qoqeliani APA-ya açıqlamasında iclasda işgüzar fikirlər və konsepsiya barədə qiymətlər səsləndiyini bildirib: “Biz iclasda konsepsiyanın vacib komponentlərini müzakirə etdik və görülən işlərə qiymət verdik. 2009-cu ildən bu günədək xeyli zaman keçib və bu bizə imkan verir ki, işimizi götür-qoy edək, nəticələrimizə baxaq, informasiyanın çatdırılmasında müsbət və mənfi ənənələri üzə çıxaraq. Bu vacib məsələni müzakirə etmək ona görə bizə lazımdır ki, növbəti dövr üçün planlaşdırma zamanı qeyd olunan təklifləri də nəzərə alaq və yeni konsepsiya hazırlayaq. Qeyd edim ki, Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası gələn ilin may ayında sona çatır və bizə mütləq yeni konsepsiya işləyib hazırlamaq vacibdir. Buna görə də biz bu konsepsiyanın strategiyasını əldə olunan nəticələr sayəsində hazırlayacaq və effektli iş görməyə çalışacağıq. Bu siyasət milli azlıqların inteqrasiyasına yönəlib və media da bu sahədə bizim qolumuzdan tutan alət olacaq”.