Bakı. Hafiz Heydərov – APA. Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyə ailə və sosial siyasət naziri xanım Fatma Şahin, Türkiyə baş nazirinin müşaviri Səadəddin Kılıc, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu, Kocaeli valisi Ercan Topaca, İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Mərmərə Qrupu Sosial və Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Suver və Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak ediblər.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, Kocaeli Böyükşəhər Bələdiyyəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış protokola əsasən İzmit şəhərində ikimərtəbəli binanın Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılması qərarı iki qardaş xalqın mədəni və sosial əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu təsdiq edir. B.Dündar Kocaeli Böyükşəhər Bələdiyyəsi tərəfindən Mərkəzin binası əsaslı şəkildə təmir olunduğunu, Dövlət Komitəsinin dəstəyi ilə zəruri avadanlıqlar və eksponatlarla təchiz edildiyini, mərkəzdə Azərbaycan kitabxanası da fəaliyyət göstərəcəyini və burada «Azərbaycanlıların soyqırımı» muzeyinin də yaradıldığını qeyd edib.
Mərasimdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin ən iri sənaye şəhərlərindən biri olan Kocaelidə Azərbaycan Mədəniyyət Evinin açılmasının əhəmiyyətini yüksək qiymətləndirib. O, Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi transmilli layihələrin bütün regionun həyatında mühüm iqtisadi və siyasi dəyişikliklərə səbəb olduğunu və hər iki ölkənin sürətlə inkişaf etdiyini, dünyada nüfuzunun getdikcə artdığını vurğulayıb. Ə.Həsənov Azərbaycan Mədəniyyət Evinin açılmasına verilən dəstəyə görə Kocaeli şəhər bələdiyyəsi və valiliyinə təşəkkürünü bildirib.
Bundan başqa Türkiyənin Kocaeli vilayətindəki Kartepe bələdiyyəsinin ərazisində yeni salınmış Azərbaycan-Türkiyə dostluq parkının açılışı olub.