Bakı. Şamil Əlibəyli - APA. “Biz hər zaman Azərbaycanı qardaş dövlət kimi tanıyırıq, həmişə “bir millət-iki dövlət” prinsipini rəhbər tutmuşuq və bu prinsipini uşaqlarımıza anlatmağa çalışırıq”. APA-nın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının (AKP) Manisadan olan millət vəkili Uğur Aydəmir jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla hər səviyyədə sıx əməkdaşlıq etməkdə maraqlıdır: “Azərbaycanla dialoqumuzu artırdıqca, gənclər arasında təmaslar çoxaldıqca, biz iki güclü dövlət yarada bilərik və bu güc bizim bütün düşmənlərimizi sarsıdar”.
Millət vəkili əlavə edib ki, 2014-cü ildə ölkədə keçiriləcək seçkilərdən sonra təmsil etdiyi şəhərin Azərbaycan paytaxtı Bakı, ya da başqa bir şəhəri ilə qardaşlaşmaq niyyətindədir: “Amma biz istəmirik ki, qardaş şəhərlərin arasında işbirliyi boş olsun. İki şəhər dərdlərini, sevincini bir-biri ilə paylaşsa, qardaşlıq əlaqələri də yüksək səviyyədə olacaq”.
Azərbaycan keçirilən XII AİTF Beynəlxalq Turizm və Səyahətlər sərgisindən sonra iki ölkənin turizm sahəsindəki əlaqələrinin perspektivlərinə toxunan U.Aydəmir deyib ki, Bakıda ilk dəfə olmasına baxmayaraq, paytaxtımızın bir sıra Avropa şəhərlərindən gözəl olduğunu düşünür: “Bu gün gördüyümüz Bakı 3-5 il əvvəlki Bakı deyil, xeyli dəyişikliklər var. Təbii ki, ölkəmizə döndükdə, bu barədə danışacağıq, şəhərini tanıtdıracağıq. Düzdür, turizm sahəsində Türkiyə bir addım öndədir. Ona görə də Bakının bizim şirkətlərimizin təcrübəsindən faydalanması üçün lazımı addımlar atacağıq”.