Bakı – APA. TÜRKPA baş katibi Ramil Həsənov mayın 15-16-da Qazaxıstanda səfərdə olacaq.
APA-nın xəbərinə görə, səfər çərçivəsində baş katibin Qazaxıstan Parlamentinin (Məclisinin) sədri Nurlan Niqmatulin, Məclisin Müdafiə, Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədri Maulen Aşimbayev və Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbayla görüşləri nəzərdə tutulur.
Görüşlərdə TÜRKPA-Qazaxıstan əlaqələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, daimi komissiyaların iclasları və onların qəbul etdiyi qərarlar, həmçinin TÜRKPA-nın iyun ayında Ankarada keçirilməsi nəzərdə tutulan IV Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə müzakirələr aparılması planlaşdırılır.
Səfərdə R.Həsənovu TÜRKPA baş katibinin müavini Mels Semgaliyev və TÜRKPA-nın təşkilati və administrativ işlər departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcəklər.