Bank Of Baku

Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb

Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb
# 12 yanvar 2013 12:36 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov - APA. Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

APA-nın “segodnya.ua” saytına istinadən verdiyi məlumata görə, ötən gün Donetsk vilayətinin Makeyevka şəhər məhkəməsi qarşısında azərbaycanlıların və iş adamının yerli sakinlərdən ibarət tərəfdarlarının iştirakı ilə piket keçirilib.

 

Aksiya iştirakçıları iş adamının qətli ilə bağlı istintaqın gedişinə və məhkəmənin ədalətli olmamasına narazılıqlarını bildiriblər. Etirazçılar istintaqın və məhkəmənin gedişinin müəyyən qüvvələr tərəfindən qeyri-obyektiv istiqamətə yönəldildiyini vurğulayıblar.

 

Mərhumun aksiyada iştirak edən qardaşı Edqar Mahmudov mətbuata bildirib ki, İqbal Mahmudov Ukraynada ciddi iş adamı olmaqla yanaşı, fəal diaspor nümayəndəsi olub, Azərbaycan dövlətinin və prezidentinin mövqeyini dəstəkləyib.

 

Mərhumun qardaşının həyat yoldaşı Taisiya Mahmudova da qətlə siyasi motivlərin ola biləcəyinə işarə edib: “İqbal İlham Əliyevin siyasi kursunu dəstəkləyirdi. Lakin burada yaşayan azərbaycanlıların çoxu orada müxalifətdə olub, Xalq Cəbhəsində fəaliyyət göstərib. İqbalın fəaliyyəti onların xoşuna gəlmirdi”.

 

İş adamının qardaşı Edqar aksiyaçılar adından yerli hökumətə müraciət ünvanlayıb. Müraciətdə əsl cinayətkarların üzə çıxarılması və təcili olaraq cəzalandırılması tələb olunur. O, qardaşının qətlinin cinayət işi ilə bağlı Ukrayna mətbuatına açıqlamasında onu da bildirib ki, son günlər qətlin sifarişçiləri mərhum qardaşının rəhbərliyi altında olmuş diaspor üzvlərinə qarşı təzyiqlər də göstərirlər: “Bu təzyiqlərin arxasında qardaşımın qətlinin sifarişçiləri, həmçinin qətlə görə həbs edilmiş Zahid Əhmədov dayanır. Mən onu yaxşı tanıyıram, o, Ukrayna həbsxanasında olmasına baxmayaraq, 4 telefon işlədir”.

 

Ukraynadakı mənbələr isə APA-ya bildirib ki, cinayət işi ilə bağlı 4 nəfər saxlanıb. Qətldə təqsirləndirilən qrupa Zahid Əhmədov başçılıq edir: “Qətlə mərhum İqbal Mahmudovla Zahid Əhmədovun tərəfdarları arasında narazılıq səbəb olub. Narazılıq isə biznes maraqları ilə yanaşı, həm də tərəflər arasındakı siyasi dünyagörüşü fərqi və diaspordakı nüfuz davasından qaynaqlanır”.

 

Mənbə bildirib ki, Zahid Əhmədov İqbal Mahmudovdan əvvəl Donetsk vilayətində yaşamağa başlayıb. Eyni ərazidə İ. Mahmudovun diaspor təşkilatı qurması və fəaliyyəti Z. Əhmədovun və onun tərəfdarlarının etirazına səbəb olub: “Onlar İqbal Mahmudovun bu fəaliyyətindən, həmçinin biznes imkanlarını genişləndirməsindən narazı idilər. Bu səbəbdən onların arasında bir neçə dəfə mübahisə də olub. Hazırda istintaqın uzanmasına səbəb isə həbs olunanları himayə edənlərin yerli vilayət rəhbərləri ilə dostluğudur”.

 

Mənbə onu da bildirib ki, həbs olunanlardan biri Azərbaycanda da axtarışa verilib.

 

Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri Rövşən Tağıyev isə APA-ya açıqlamasında bildirir ki, ötən gün keçirilməsi nəzərdə tutulan məhkəmə baş tutmayıb. Onun sözlərinə görə, buna səbəb təqsirləndirilən 4 nəfərdən ikisinin məhkəməyə gətirilə bilməməsidir: “Bu iki nəfərdən biri də Zahid Əhmədovdur. Onun və digər təqsirləndirilənin məhkəməyə gətirilməməsinə səbəb kimi səhhətlərində yaranan problem göstərilib”.

 

APA təqsirləndirilən şəxslərin vəkillərindən biri ilə danışmağa nail olsa da, adını açıqlamayan vəkil danışmaqdan da imtina edib.

 

Qeyd edək ki, İ. Mahmudov ötən il mayın 9-da qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR