Bakı. Şamil Əlibəyli - APA. Ukrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətli ilə bağlı təxirə salınan məhkəmə iclası yanvarın 22-nə təyin olunub.
Cinayət işinə baxan Makeevka şəhərinin Qornyatskiy rayon məhkəməsindən APA-ya bildiriblər ki, yanvarın 11-də keçirilməsi planlaşdırılan məhkəmə iclası Zahid Əhmədov adlı təqsirləndirilən şəxsin xəstələnməsi səbəbindən təxirə salınıb.
Qeyd edək ki, keçən şənbə günü mərhumun yaxınları və diaspor təşkilatının üzvləri məhkəmə qarşısında piket keçiriblər. Etirazçılar istintaqın və məhkəmənin gedişinin müəyyən qüvvələr tərəfindən qeyri-obyektiv istiqamətə yönəldildiyini vurğulayıblar.
Xatırladaq ki, qətl hadisəsi ötən il mayın 9-da baş versə də, istintaq bu günə kimi uzanıb.